MDU-da elmi-praktik seminar: “Antropogen amillərin ətraf mühit və insan sağlamlığına mənfi təsirləri”

2024-cü il noyabrın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” dərnəyinin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Antropogen amillərin ətraf mühit və insan sağlamlığına mənfi təsirləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

Seminarın açılışında çıxış edən Fizika və ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova mövzunun aktuallığından bəhs edib və ekoloji maarifləndirmə baxımından tədbirin önəmini diqqətə çatdırıb. Qeyd edib ki, təmiz ətraf mühit sosial-iqtisadi inkişafla bağlı milli prioritetlərdən birini təşkil edir. MDU tələbələrinin belə əhəmiyyətli mövzularda tədqiqatlara maraq göstərmələri müsbət qiymətləndirilib və seminarın işinə uğurlar arzulanıb. Daha sonra seminarın proqramına uyğun olaraq  “Ekologiya” ixtisasının E24 qrupunun tələbələri  Abışova Nərmin Azər qızı Əliyeva Fatimə Eldəniz qızı “Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər”,  “Ekologiya mühəndisliyi” ixtisası EM23 qrup tələbəsi Mahmudova Zinyət Əjdər qızı “Su hövzələrinin plastik tullantılarla çirklənməsi problemi”, “Ekologiya mühəndisliyi” ixtisası  EM21 qrup tələbəsi Həziyeva Məleykə Baratəli qızı “Dünya ölkələrində əhalinin ərzaq məhsullarına olan tələbinin ödənilməsi vəziyyəti”, “Ekologiya”ixtisası, E21 qrup tələbəsi Həsənova Arzu Faiq qızı Radiasiya və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzularında məruzələr dinlənilib. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.