“Elm günü” münasibətilə MDU rektorunun təbriki
Hörmətli professor-müəllim heyəti üzvləri!
Əziz tələbələr və magistrantlar!
Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2018-ci il tarixli müvafiq Sərəncamına əsasən hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Qeyd olunan Sərəncamla Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi möhtərəm Prezidentimizin ölkəmizdə elmin inkişafına və elmlə məşğul olan bütün insanlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Məhz bu diqqət və qayğının, eləcə də uğurla reallaşdırılan elm sahəsində dövlət siyasətinin nəticəsi olaraq, son illər ərzində Azərbaycan elminin yeni dövrün tələblərinə uyğunlaşdırılması və davamlı inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan ali təhsil təhsilinin ayrılmaz tərkib hissəsi olaraq, hazırda müasirləşmə yolunda olan Mingəçevir Dövlət Universitetində (MDU) də elmi fəaliyyətdə innovativ yanaşmanının tətbiqinə çalışırıq. Bu kontekstdə, universitetimizdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini hədəfləyirik.
Bildiyiniz kimi, MDU-da aparılan struktur islahatları çərçivəsində universitetimizdə elmi fəaliyyətin müasir və daha çevik metodlarla idarəedilməsi məqsədilə “Elm və innovasiya” şöbəsi yaradılmışdır. Sözügedən şöbənin fəaliyyətinin təşkili istiqamətində atılan addımlar yaxın perspektivdə universitetimizdə elmi fəaliyyətin səmərəliliyinin artırılmasına və bu sahədə kafedralararası əlaqələndirmənin gücləndirilməsinə imkan verəcəkdir.
Gənc əməkdaşlarımızın, eləcə də tələbə və magistrantlarımızın elmi fəaliyyətə daha fəal cəlb olunması, tərəfdaş universitetlərlə birgə elmi tədqiqatların aparılması və ortaq elmi tədbirlərin keçirilməsi əsas prioritetlərimiz sırasındadır.
Hörmətli MDU ailəsinin üzvləri!
27 mart “Elm günü” münasibətilə hər birinizi təbrik edir, elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayıram
Hörmətlə,
Rektor Şahin Bayramov