Görüşdə Mingəçevir Su Elektrik Stansiyasının elektrik sexinin SCADA və rabitə üzrə aparıcı mütəxəssisi Bəxtiyar Əliyev və Azərbaycan İstilik Elektrik Stansiyasının 1 saylı Qazan-turbin sexinin rəis müavini, stansiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri Vüqar Vəliyev iştirak etdilər. Onlar energetika sektorunun cari vəziyyəti, sənayedə mövcud olan texnoloji yeniliklər və tələb olunan bacarıqlar haqqında ətraflı məlumat verdilər.
Mühəndislik fakültəsinin dekanı dosent Almaz Əliyeva tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin edilməsinin vacibliyini vurğuladı.
Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova qeyd etdi ki, universitetimizdə Elektrik və elektronika mühəndisliyi, Energetika mühəndisliyi ixtisaslarına qəbul aparılır. Hər iki ixtisas üzrə mütəxəssislərə əmək bazarında yüksək tələbat vardır. Ölkəmizdə energetika sahəsinin inkişafı xüsusi diqqət mərkəzindədir.
Bəxtiyar Əliyev müasir dövrdə enerji idarəetmə sistemlərinin avtomatik şəkildə həyata keçirilməsini bildirdi. Elektron qurğuların analoqdan rəqəmsala keçidi dövründə tələbələrdə elektronika vərdişlərinin formalaşmasının zərurətindən danışdı. Eyni zamanda simulyasiya proqramlarından istifadə edərək onlayn dövrələrin yaradılması, sxemlərin qurulması və s. kimi bacarıqların İKT-dən istifadə edərək daha da təkmilləşdirməyin praktiki vacibliyini vurğuladı.
Vüqar Vəliyev bildirdi ki, hazırda gücü 1280 MVt olan buxar-qaz turbinli yeni elektrik stansiyasının tikintisi aparılır, müasir avadanlıqlar quraşdırılır. Yaxşı olar ki, ixtisas fənlərinin tədrisində yeni avadanlıq və qurğular, onların iş prinsipi haqda ətraflı məlumat verilsin. Görüş zamanı əmək bazarının ehtiyacları, mövcud problemlər və kadr hazırlığı prosesində diqqət yetirilməli məqamlar geniş müzakirə olunub.