8 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “7 oktyabr – Ümumdünya layiqli əmək günü”nə həsr olunmuş elmi-praktik seminar keçirilib. Universitetin əsas binasında, 107 nömrəli auditoriyada baş tutan seminara tələbələr, müəllimlər və digər qonaqlar qatılıb.
Seminarın moderatoru, MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev tədbirin açılışını edərək layiqli əməyin cəmiyyətə təsiri haqqında geniş məlumat verib, çıxışlarla seminarı başlatdı.
Seminarda üç əsas məruzə iştirakçılara təqdim olundu. MDU-nun hüquqşunası Polad Atayev “Ümümdünya Layiqli Əmək Günü”nün yaranma tarixi və onun cəmiyyətdəki rolu, MDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov “Əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqının rolu”, MDU-nun baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov “Layiqli Əmək münasibətlərinin tərəfləri və onların funksional vəzifələri” mövzusunda məruzə edərək bu sahənin önəmini işiqlandırıb.
Seminar ərzində mövzuya aid videoçarx nümayiş olunub və daha sonra iştirakçılar arasında maraqlı müzakirələr aparılıb. Tədbirin əsas məqsədi, layiqli əməyin cəmiyyətdə rolu və onun əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Seminar tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb, mövzunun aktualığı və əhəmiyyəti iştirakçıların müzakirələrində öz əksini tapıb.