11 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində əmək bazarı nümayəndələri ilə işgüzar görüş keçirilib. Görüşdə MDU-nun Təhsil fakültəsinin rəhbərliyi, ixtisas kafedralarının müdirləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir şəhər Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova, Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova, Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov, Mingəçevir şəhər 1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçasının müdiri Elnurə Çələbiyeva və Mingəçevir şəhər 10 nömrəli “Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri Aynur İsmixanlı iştirak ediblər.
Görüş zamanı Təhsil fakültəsinin dekanı Nizami Zeynalov əmək bazarı nümayəndələri ilə keçirilən görüşün əhəmiyyətindən, gələcək qarşılıqlı faydalı əməkdaşlıqların daha da dərinləşdirilməsinin və şaxələndirilməsinin vacibliyindən danışdı. Zeynalov həmçinin əmək bazarının dəyişən tələblərinə uyğun olaraq tədris proqramlarının yenilənməsinin vacibliyini vurğuladı və tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib . 2023/2024-cü tədris ilində tələbə qəbulunun yekunları, habelə 2025/2026-cı il üçün nəzərdə tutulan tələbə qəbulu planının layihəsi barədə məlumat verən N. Zeynalov, bu planın tələbələrin gələcəkdə əmək bazarında rəqabət qabiliyyətli olmasını təmin edəcəyini bildirib.
Görüşdə çıxış edən Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova son illərdə Mingəçevir Dövlət Universiteti ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında qarşılıqlı işgüzar əməkdaşlıq daha da genişləndirilməsini yüksək qiymətləndirib. S. Həsənova, universitetlə məktəblər arasında sıx əməkdaşlığın tələbələrin erkən mərhələdə əmək bazarına hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. Universitet-əmək bazarı münasibətlərinin son nəticədə kadr hazırlığına verdiyi töhfələrdən bəhs edib və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini bildirib. Daha sonra Təhsil fakültəsinin ixtisas kafedrasının müdirləri prof. Fərəh Cəlil, dos. Esmira Cəfərova, dos. Mehdi Rəhimov, lisey və ümumtəhsil məktəblərinin direktorları Nailə Məmmədova, Aidə İsmayılova müvafiq çıxışlar edərək qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi, əmək bazarının mütəxəssis hazırlığındakı rolu barədə danışıblar. Əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı üçün tədris proqramlarının əmək bazarı nümayəndələrinin iştirakı ilə yenidən nəzərdən keçirilməsi, növbəti tədris ili üçün tələbə qəbulu barədə konkret təkliflər irəli sürülüb. Bu təkliflər təhsil prosesinin əmək bazarının real tələblərinə uyğunlaşdırılmasına və tələbələrin bilik və bacarıqlarının praktiki təcrübə ilə zənginləşdirilməsinə yönəldilmişdir.