Mingəçevir Dövlət Universitetində professor-müəllim
heyəti ilə görüş keçirilib
2020-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan şanlı qələbənin əldə edilməsi və düşmən tapdağında olan əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə pedaqoji heyəti təbrik edib.
Xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin distant təşkilində göstərdikləri fəallığa görə universitetin müəllim kollektivinə təşəkkürünü bildirən Ş.Bayramov elektron tədris resurslarının, xüsusilə videodərslərin hazırlanması və tələbələrə çatdırılması işlərinin davam etdirilməsinin zəruriliyini bildirib.
Sonra Elmi Şuranın müvafiq qərarı ilə qəbul edilmiş MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları ilə bağlı ətraflı məlumat verilib. Mövcud vəziyyətlə əlaqədar tələbələrin cari və aralıq qiymətləndirilməsində müvafiq dəyişiklikləri və güzəştləri özündə ehtiva edən bu qaydalardan irəli gələn vəzifələr universitetin professor-müəllim heyətinin diqqətinə çatdırılıb.
Səmərəli müzakirələrlə davam edən görüşdə qaydalarda nəzərdə tutulmuş qiymətləndirmə mexanizmi, sərbəst işlərin yazılması, kollokviumların və yekun imtahanların təşkili, tətbiq olunması mümkün olan güzəştlər və digər məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib və onların çoxsaylı sualları cavablandırılıb.
Sonda cari tədris ilində MDU-nun pedaqoji heyətinin qarşıda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edən Ş.Bayramov müəllimləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb.
{phocagallery view=category|categoryid=451|limitstart=0|limitcount=0}