Mingəçevir Dövlət Universitetinə rektor vəzifəsini müvəqqəti icra edən təyin olunub

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin 2024-cü ilin 3 iyun tarixində imzaladığı müvafiq əmrlə Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub. Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazir E.Əmrullayevin müvafiq tarixli digər əmrinə əsasən Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.

2024-cü ilin 4 iyununda Ü.Zeynalovun təqdimatı olub. Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdimatını Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (Agentlik) direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov təqdim edib.

MDU-nun akademik-inzibati heyət üzvlərini salamlayan professor Ə.Sadıqov  Azərbaycanda elm və təhsilin inkişafında dövlət siyasətinin vacibliyi və bu istiqamətdə atılan addımlar barədə ətraflı məlumat verib. Professor Azərbaycanda elm və təhsilin inkişafına böyük önəm verildiyini və bu sahədə ciddi islahatların həyata keçirildiyini vurğulayaraq dövlətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətin ölkəmizin gələcək inkişafının təməlini təşkil etdiyini bildirib.

Ə.Sadıqov Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini vurğulayaraq, xüsusilə məktəblərin və universitetlərin infrastrukturunun yenilənməsi, tədris metodlarının müasir tələblərə uyğunlaşdırılması və müəllimlərin peşəkar inkişafına yönəlmiş tədbirləri qeyd edib. Müasir dövrdə təhsilin inkişafında trendlərin izlənilməsinin vacibliyini vurğulayan professor, ali təhsil müəssisələrinin bu istiqamətdə uğurlu addımlar atdığını bildirib.

Bütün bunlara uyğun olaraq regionun ali təhsil müəssisəsi olan Mingəçevir Dövlət Universitetinə yüksəkixtisaslı kadrların yetişdirilməsi, əmək bazarının formalaşmasında göstərdiyi müstəsna xidmətlərinə görə Ə.Sadıqov agentlik adından təşəkkürünü bildirib.

Açılış nitqindən sonra professor MDU-nun akademik-inzibati heyət üzvlərini  Ü.Zeynalovun təyinatı ilə bağlı cənab nazirin müvafiq əmrləri ilə tanış edib.

Təqdimatın sonunda MDU-nun akademik-inzibati heyət üzvləri Ü.Zeynalovu təyinatı münasibətilə təbrik edib, fəaliyyətinə uğurlar arzulayıblar.

Qeyd edək ki, Üzeyir Zeynalov əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, hazırkı təyinata qədər isə Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.