Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində virtual akademik mobillik proqramının birinci hissəsi başa çatıb

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Ukraynanın Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD arasında əməkdaşlıq çərçivəsində təşkil edilmiş virtual akademik mobillik proqramının birinci hissəsi başa çatıb.

Proqram çərçivəsində ümumilikdə 70 nəfərdən ibarət Kiyev məktəbliləri və KNUTD-un “Sahibkarlıq və biznes”, “Menecment və smart innovasiyalar”, “Marketinq və kommunikasiya dizaynı”, “Smart iqtisadiyyat” və “Maliyyə və biznes konsaltinq” ixtisaslarında təhsil alan tələbələri üçün MDU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən Menecment fənni üzrə 2023-cü ilin 3-30 noyabr tarixlərində ümumi dərs yükü 60 saatdan ibarət (2ECTS) online dərslər keçirilib.

Layihə çərçivəsində keçirilən dərslərin mühazirələrinə: “Menecmentə giriş: Liderlik potensialının aşkar edilməsi”, “Müvəffəqiyyət üçün məqsədlərin müəyyən edilməsi”, “Effektiv ünsiyyət: əlaqələrin qurulması”, “Vaxtın idarə edilməsi: şəxsi iş qrafikin idarə edilməsi”, “Komanda işi və əməkdaşlıq: birlikdə nail olmaq”, “Liderlik bacarıqları: müsbət təsirə çevrilmək”, “Problemin həlli: yaradıcı həll yollarının tapılması”, “Qərar vermə: düzgün seçimlər etmək”, “Emosional zəka: özünüdərketmə və empatiyanın tərbiyə edilməsi”, “Uyğunlaşma və dayanıqlıq: dəyişən dünyada inkişaf” mövzuları üzrə təqdimatlar daxil olib.

Online formatda baş tutan mühazirələr ukraynalı məktəblilər və tələbələr tərəfindən maraqla qarşılanıb.

Virtual akademik mobillik kursunun birinci mərhələsini uğurla başa vuran iştirakçılar sonda beynəlxalq sertifikatla təltif edilib.

       Qeyd edək ki, sözügedən dərslər MDU-nun tərəfdaşı olduğu “Vitual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) mövzusunda Erasmus+ layihəsi çərçivəsində reallaşmışdır. VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Foggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer alıb. VEHUB4YOU layihə konsorsiumunun üzvləri Ukrayna və Azərbaycanda məktəblər, universitetlər və kənd kitabxanalarında 60 virtual beynəlxalq biznes hablarının daxil olduğu Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsinin təşkilinə və orta məktəb şagirdləri, kollec və universitet tələbələri üçün biznes fəaliyyətinin öyrədilməsinə birgə səy göstərəcəklər. Avropa universitetləri Ukrayna və Azərbaycandakı universitetlərin və gənclər təşkilatlarının köməyi ilə öz biznes kurslarını və müəllimlərin təcrübələrini Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri ilə bölüşəcəklər. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər fondu hazırlayacaqlar. Bundan əlavə, yerli tələblər nəzərə alınmaqla hab rəhbərləri və fasilitatorlar üçün təlim proqramı dərc olunacaq. VEHUB4YOU layihəsinin müasir Avropa təhsilinə çıxışı təmin etməklə biznes təhsilinin keyfiyyətini artıracağı və biznes bacarıqlarını inkişaf etdirəcəyi gözlənilir. Eləcə də, məktəb, kollec və universitetlərin təhsil proqramlarının virtual öyrənmənin yeni tendensiyalarına uyğun modernləşdirilməsi və virtual təhsilin effektivliyinin artırılması nəzərdə tutulur.