Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunan “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda silsiləvi tədbirlər təşkil olunub. Mingəçevir şəhər 1, 3, 11, 12 və 16 saylı tam orta məktəblərdə təşkil olunan mühazirələrdə 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ziyalılar, təhsil işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Proqrama uyğun olaraq, əvvəlcə, Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə təşkil edilmiş kitab, rəsm və əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Tarixi qədim, ruhu gənc olan şəhərim” adlı filmin nümayişindən sonra çıxışlara başlanılıb. Məktəb direktorları, MDU-nun akademik və inzibati heyət üzvləri giriş sözlərində vurğulayıblar ki, Mingəçevirin 75 illik yubileyinin “Heydər Əliyev İli”ndə və “Gənclər paytaxtı” statusunda qeyd olunması əlamətdar hadisədir. Bununla yanaşı, şəhərin tarixi və müasir inkişafı barədə maariflənmənin önəmindən danışılıb və mühazirələrin əhəmiyyəti diqqətə çatıdırılıb.
Sonra çıxışlar dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının müəllimləri Vüsalə Mövlayeva və Aygün Qədirova məruzələrlə çıxış edərək Mingəçevirin qədim tarixi, təbii-coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı haqqında məlumat veriblər. Məruzələrdə, həmçinin şəhərdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrinin inkişafına dövlətin yüksək diqqət və qayğısından da bəhs edilib.
Sonda məktəblilərin təqdimatında Mingəçevirə həsr olunmuş nəğmələr və şeirlər səsləndirilib, rəqslər ifa edilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.