2024-cü ilin 12 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) 15 iyun “Milli Qurtuluş Günü”nə həsr edilmiş “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova bu tarixi gün münasibətilə universitet kollektivini, tələbə və magistrantları təbrik edib. O, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Gününün sadə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıb. E.Cəfərova bu şanlı tarixi yaradan şəxsin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olduğunu bildirib.
Sonra proqrama uyğun olaraq MDU-nun baş müəllimi Mətanət Yusifovanın məruzəsi dinlənilib. O, çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtmasından, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan dövlətinin və xalqının gələcəyini müəyyən edən yeni başlanğıcın əsasının qoyulmasından bəhs edib. Bildirib ki, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olub. Onun millətimiz və ölkəmiz üçün gördüyü əvəzolunmaz xidmətlərini qeyd edən M.Yusifova vurğulayıb ki, 31 il əvvəl əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə Azərbaycan dövləti bu gün tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşayır.
Məruzədən sonra 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.