24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalının qurumayan göz yaşları” adlı anım tədbiri keçirilib. Tədbirdə universitetin akademik heyət üzvləri və tələbələr iştirak edib.
Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova Xocalı faciəsinin tarixini və ona dair əhəmiyyətli məlumatları təqdim edərək, bu faciənin xalqımızın yaddaşında həmişə qalacağını vurğulayıb. Tədbir çərçivəsində Xocalı hadisələrinin dəhşətini və orada baş verən faciələri əks etdirən xüsusi bir videoçarx nümayiş olunub.
Sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Xocalı faciəsini unutmayaq: Tarixi-siyasi təhlil” adlı mühazirə ilə çıxış edib. Mühazirədə Xocalı faciəsinin siyasi, tarixi və insanlıq aspektləri ətraflı şəkildə təhlil olunub. İ. Məmmədov Xocalı qətliamının beynəlxalq səviyyədə daha çox tanınması və bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün vacib addımların atılmasının zəruriliyini, Xocalı sakini, MDU-nun müəllimi Tahirə Quliyeva isə Xocalı faciəsini XX əsrin ən dəhşətli və qəddarlıqla törədilmiş Xatın, Xirosima faciələri ilə müqayisə edərək, xocalıların qisasının alındığına baxmayaraq, bu faciənin heç vaxt unudulmayacağını vurğulayıb.
Tədbirin sonunda iştirakçılar müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı Xocalı qətliamı ilə bağlı müxtəlif fikirlər irəli sürülüb, faciənin gələcək nəsillərə düzgün ötürülməsinin və bununla bağlı təhsilin əhəmiyyəti qeyd olunub.
Mingəçevir Dövlət Universiteti bu cür tədbirlərlə Xocalı faciəsini unutmaq və unudulmasına imkan verməmək üçün fəaliyyətlərini davam etdirəcəkdir.