2026-cı ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti ilə “Regional Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Bakı KOB evi”ndə imzalanan Memorandum ali təhsilin praktikyönümlü inkişafına, logistika və beynəlxalq yükdaşıma sahəsində peşəkar kadr hazırlığının dəstəklənməsinə, universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə və tələbələrin əmək bazarının real tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasına xidmət edir.
Memorandumu Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və “Regional Transport” MMC-nin icraçı direktoru Elşad Əmrahov imzalayıblar.
Memorandum çərçivəsində tərəflər beynəlxalq yükdaşıma, logistika, təchizat zənciri, idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və broker xidməti üzrə birgə təlimlərin, seminarların və ustad dərslərinin təşkilini nəzərdə tuturlar. Eyni zamanda, MDU tələbələrinin logistika və nəqliyyat sahəsində istehsalat və ixtisas təcrübələrinə, tanışlıq səfərlərinə və peşəkar müşahidə proqramlarına cəlb olunması əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Əməkdaşlıq sənədinə əsasən, “Regional Transport” MMC-nin praktiki təcrübəsi əsasında tələbələr üçün real keys nümunələrinin təqdim edilməsi, logistika proseslərinin planlaşdırılması, sənədləşdirmə və xidmət keyfiyyəti üzrə maarifləndirici sessiyaların keçirilməsi planlaşdırılır. Bununla yanaşı, MDU-nun müvafiq ixtisasları üzrə tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi, eləcə də logistika sektorunda məşğulluq perspektivlərinin dəstəklənməsi istiqamətində birgə fəaliyyətlər həyata keçiriləcək.
Natəvan Namaozva bildirib ki, bu əməkdaşlıq universitetin strateji inkişaf prioritetlərinə, xüsusilə praktikyönümlü təhsil, sənaye ilə inteqrasiya, innovativ kadr hazırlığı və regionda ali təhsilin əmək bazarı ilə əlaqələndirilməsi hədəflərinə uyğundur. Qeyd olunub ki, MDU tələbələrinin real sektor nümayəndələri ilə birbaşa təmasda olması, nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və məzunların rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması universitet üçün mühüm əhəmiyyət daşıyır.
Prorektor bildirib ki, müasir ali təhsilin əsas çağırışlarından biri universitet auditoriyalarında formalaşan biliklərin istehsalat, biznes və xidmət sektorunun real ehtiyacları ilə uzlaşdırılmasıdır. Onun sözlərinə görə, “Regional Transport” MMC ilə əməkdaşlıq tələbələrə logistika və nəqliyyat sahəsində praktiki biliklər qazanmaq, beynəlxalq yükdaşıma və təchizat zənciri proseslərini yaxından öyrənmək, həmçinin gələcək karyera istiqamətlərini daha aydın müəyyənləşdirmək baxımından yeni imkanlar yaradacaq.
Elşad Əmrahov qeyd edib ki, əməkdaşlıq Memorandumu biznes sektoru ilə ali təhsil müəssisəsi arasında səmərəli tərəfdaşlığın inkişafına, gənclərin peşəkar hazırlığının gücləndirilməsinə və logistika sahəsində müasir biliklərə malik kadr potensialının formalaşdırılmasına töhfə verəcək. Şirkət tələbələr üçün təlim, seminar, tanışlıq səfərləri və peşəkar müşahidə imkanlarının dəyərləndirilməsinə, həmçinin tədris və karyera fəaliyyətlərinin sektorun tələbləri ilə əlaqələndirilməsinə ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Direktor vurğulayıb ki, logistika və beynəlxalq yükdaşıma sahəsi sürətlə dəyişən, operativlik, dəqiqlik, peşəkarlıq və müasir idarəetmə bacarıqları tələb edən strateji istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu sahədə gənc mütəxəssislərin hazırlanması üçün universitetlərlə əməkdaşlıq xüsusi önəm daşıyır. MDU ilə imzalanan Memorandum tələbələrin real iş mühiti ilə tanışlığına, praktiki təcrübə qazanmasına və gələcəkdə əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına dəstək verəcək.
Memorandum çərçivəsində tərəflər birgə layihələrin, tədqiqatların, forumların, konfransların, panel müzakirələrinin, karyera günlərinin və sosial məsuliyyət tədbirlərinin təşkilini də nəzərdə tuturlar. Əməkdaşlıq həmçinin regionda biznes-təhsil əlaqələrinin, sahibkarlıq ekosisteminin və praktikyönümlü ali təhsil modelinin inkişafına töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti son illərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, universitet-sənaye əməkdaşlığı, innovasiya və tətbiqi təhsil imkanlarının genişləndirilməsi istiqamətində tərəfdaşlıq əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. “Regional Transport” MMC ilə imzalanan Memorandum bu istiqamətdə atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.