MDU-da “RUSB–CTF25” Kibertəhlükəsizlik yarışının qalibləri məlum olub

Mingəçevir Dövlət Universitetində (MDU) Kibertəhlükəsizlik Klubunun və “Datricon Technology” şirkətinin təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində kibertəhlükəsizlik üzrə “Capture The Flag” (RUSB–CTF25) adlı yarış keçirilib.
Yarışın açılışında Kibertəhlükəsizlik Klubunun rəhbəri, MDU-nun müəllimi Elvin Muradzadə və “Datricon Technology” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Firudin Davudzadə iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar. Çıxışlarda kibertəhlükəsizlik sahəsinin müasir dövrün və gələcəyin ən vacib ixtisas istiqamətlərindən biri olduğu vurğulanıb.
Yarışda iştirak edən tələbələr kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, praktiki ssenarilər üzərində təcrübə qazanmaq və komanda işini gücləndirmək imkanı əldə ediblər. Tapşırıq istiqamətləri əsasən texniki olmaqla, forensika və disk analizi, şəbəkə və trafik təhlili, veb, mobil və backend tapşırıqları, kriptoqrafiya və steqanoqrafiya kimi mövzuları əhatə edib.
Beş saat davam edən gərgin mübarizə nəticəsində 1-ci yerə “Portlar” komandası (5550 bal), 2-ci yerə “Code Wizard” komandası (5500 bal) və 3-cü yerə “CIA_3” komandası (1600 bal) layiq görülüb.
Yarışın sonunda komandaların nəticələri keyfiyyət və sürət meyarları əsasında qiymətləndirilib.
“RUSB–CTF25” yarışı gənclərin kibertəhlükəsizlik sahəsində praktiki biliklərinin artırılması, informasiya təhlükəsizliyi bacarıqlarının inkişaf etdirilməsi və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunub.
Qeyd edək ki, tədbir interaktiv formatda keçirilib və iştirakçılara həm əyləncəli, həm də tədris xarakterli təcrübə yaşadıb.