Mingəçevir Dövlət Universitetində erkən nigahla mübarizəyə dair elmi-praktik seminar keçirilib

2025-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və erkən nikaha “Yox” deyək” mövzularına həsr olunmuş elmi-praktik seminar keçirilib.

Tədbiri giriş sözü ilə MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev açaraq seminarın məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitetdə keçirilən bu kimi maarifləndirici tədbirlər gənclərin hüquqi biliklərinin artırılması, sağlam ailə dəyərlərinin təbliği və cəmiyyətin sosial rifahına yönəlik vacib addımlardan biridir.

Seminarda müxtəlif aktual mövzular ətrafında məruzələr dinlənilib.

MDU-nun hüquqşünası Polad Atayev “Erkən nikah anlayışı, qohumlar arası nikahın mənfi təsirləri və hüquqi çərçivədə qiymətləndirilməsi”, müəllimlərdən Nərgiz Niftəliyeva “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” və Günel Nəcəfova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.

Seminar çərçivəsində təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda maarifləndirici videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, MDU-da həyata keçirilən bu cür tədbirlər gənclərin hüquqi, sosial və psixoloji biliklərinin inkişafına, sağlam cəmiyyət və ailə institutunun möhkəmlənməsinə xidmət edir.