You are currently viewing Mingəçevir Dövlət Universitetində “Xocalı: yaddaş, ədalət və gənc nəslin məsuliyyəti” mövzusunda elmi konfrans keçirilmişdir

Mingəçevir Dövlət Universitetində “Xocalı: yaddaş, ədalət və gənc nəslin məsuliyyəti” mövzusunda elmi konfrans keçirilmişdir

25 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı: yaddaş, ədalət və gənc nəslin məsuliyyəti” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə universitetin professor-müəllim heyəti üzvləri və tələbələr iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının, eləcə də Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə açmışdır. O, çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının tarixində silinməz iz qoymuş ağır faciələrdən biri olduğunu vurğulamış, bu hadisənin milli yaddaşda yaşadılmasının vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, Xocalı faciəsi yalnız keçmişin ağrılı səhifəsi deyil, həm də bu gün azad olunmuş torpaqlarımızda yenidən qurulan həyatın mənəvi əsaslarından biridir. Qeyd olunmuşdur ki, bu gün Xocalının azad olunması tarixi ədalətin bərpasının təntənəsi olmaqla yanaşı, xalqımızın yaddaşına həkk olunmuş faciənin unudulmadığını və daim xatırlandığını göstərir.

 Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova çıxış edərək Xocalı faciəsinin tarixi reallıqları haqqında danışmışdır. O, Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etmiş, faciənin siyasi və tarixi mahiyyətini açıqlamışdır. Çıxışda Xocalı həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyi xüsusi vurğulanmışdır.

Ardınca Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Videoçarxda faciə zamanı baş vermiş hadisələri əks etdirən real kadrlar təqdim olunmuş, Xocalı sakinlərinin yaşadıqları dəhşətli anları əks etdirən görüntülər  iştirakçılarda kövrək hisslər yaratmışdır.

Konfrans məruzələrlə davam etmişdir.

“Xocalı faciəsinin tarixi səbəbləri və nəticələri” mövzusunda Humanitar fənlər kafedrasının müəllimi, doktorant Gülər Əjdərzadə məruzə ilə çıxış etmişdir. Məruzədə Xocalı soyqırımına gətirib çıxaran tarixi və siyasi amillər təhlil edilmiş, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələri izah olunmuşdur. Qeyd edilmişdir ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına zidd olaraq dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür.

“Bir daha təkrarlanmasın” prinsipi və qlobal məsuliyyət” mövzusunda Humanitar fənlər kafedrasının müəllimi, doktorant Aqşin Kərimli məruzə ilə çıxış etmişdir.  Çıxışda Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərdən bəhs olunmuş, belə faciələrin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinin məsuliyyəti vurğulanmışdır. Bildirilmişdir ki, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə təbliği ədalətin bərpası və tarixi həqiqətlərin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Xocalı faciəsi soyqırımı və insanlığa qarşı cinayətlər anlayışı kontekstində” mövzusunda Humanitar fənlər kafedrasının müəllimi, doktorant Leyla Babayeva məruzə ilə çıxış etmişdir. Məruzədə Xocalı hadisələrinin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi məsələləri təhlil edilmiş, soyqırımı və insanlığa qarşı cinayət anlayışlarının hüquqi mahiyyəti izah olunmuşdur. Qeyd edilmişdir ki, Xocalı faciəsi öz miqyasına və nəticələrinə görə insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

“Ədəbiyyatda və incəsənətdə Xocalı mövzusu” mövzusunda Humanitar fənlər kafedrasının müəllimi Sona Məmmədova məruzə ilə çıxış etmişdir. Məruzədə Xocalı faciəsinin bədii ədəbiyyatda və incəsənətdə əks olunması məsələləri təhlil edilmiş, Xocalı mövzusunun yalnız tarixi fakt kimi deyil, insan talelərinin faciəsi kimi təqdim edildiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, dərsliklərdə və bədii əsərlərdə yer alan Xocalı mövzulu mətnlər gənc nəslin tarixi yaddaşının formalaşmasına xidmət edir və hadisələrin emosional təsir gücünü daha dərindən dərk etməyə imkan yaradır.

Qeyd olunmuşdur ki, Xocalı faciəsi ədəbiyyatda yaddaş kimi yaşadığı kimi, incəsənətdə də daşlara həkk olunmuş həqiqət kimi yaşayır. Bu baxımdan Bakıda ucaldılmış Ana harayı abidəsi faciənin daşlaşmış fəryadı kimi qiymətləndirilir.

Vurğulanmışdır ki, hər il fevralın soyuq günlərində insanlar bu abidəyə doğru səssiz addımlarla irəliləyirlər. Həmin yürüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqla birlikdə addımlaması xüsusi məna daşıyır. Bu, dövlətin xalqın ağrısı ilə eyni addımladığının simvoludur.

Konfrans çərçivəsində aparılan məruzə və müzakirələr Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha nümayiş etdirmişdir.

Keçirilən elmi konfrans Xocalı faciəsinin tarixi və mənəvi mahiyyətinin elmi əsaslarla təqdim olunması, milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.