2025-ci ilin 18 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının təşkilatçılığı ilə Mingəçevir Şəhər Bələdiyyəsində “Şəhər nəqliyyatının səmərəliliyi üzrə Bələdiyyə ilə əməkdaşlıq” mövzusunda vorkşop keçirilib. Tədbirin məqsədi şəhər nəqliyyatının mövcud vəziyyətinin müzakirəsi, mobillik problemlərinin elmi yanaşmalar əsasında təhlili və universitet–bələdiyyə əməkdaşlığı çərçivəsində mümkün həll yollarının müəyyənləşdirilməsi olub.
Tədbirdə çıxış edən MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov şəhər nəqliyyat sisteminin səmərəliliyinin artırılması üçün elmi yanaşmaların və innovativ həllərin vacibliyini vurğulayıb. O bildirib ki, ali təhsil müəssisələrinin yerli idarəetmə strukturları ilə əməkdaşlığı şəhər infrastrukturu və nəqliyyat planlaşdırılması sahəsində mühüm nəticələrin əldə olunmasına töhfə verə bilər.
Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov şəhər nəqliyyatının mövcud vəziyyəti, mobillik problemləri və bu istiqamətdə tətbiq oluna biləcək texniki və mühəndislik həlləri barədə təqdimatla çıxış edib.
Mingəçevir Şəhər Bələdiyyəsinin “Sosial və iqtisadi inkişaf” şöbəsinin müdiri Zahid Qasımlı isə çıxışında şəhərin nəqliyyat problemlərinin həlli istiqamətində görülən işlər, planlaşdırılan mobillik layihələri və bələdiyyənin gələcək inkişaf prioritetləri barədə məlumat verib. O, həmçinin Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlığın şəhərin nəqliyyat və urban inkişaf strategiyalarına mühüm töhfə verə biləcəyini qeyd edib.
Vorkşop çərçivəsində iştirakçıların sualları cavablandırılıb, şəhər nəqliyyatının daha səmərəli təşkili ilə bağlı müxtəlif təklif və tövsiyələr müzakirə olunub. Tədbir universitet ilə yerli idarəetmə qurumları arasında əməkdaşlığın gücləndirilməsi və tələbələrin şəhər problemlərinin həllinə cəlb olunması baxımından faydalı platforma kimi qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində şəhərsalma, nəqliyyat və dayanıqlı inkişaf mövzularında elmi və praktiki təşəbbüslərin təşviqi universitetin regional inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Bu kimi tədbirlər tələbələrin real şəhər problemləri üzərində işləməsi və universitet–cəmiyyət əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.