Mingəçevir Dövlət Universitetinin əməkdaşları Clarivate tərəfindən təşkil olunan vebinarda iştirak ediblər

2026-cı ilin 24 fevral tarixində Clarivate şirkətinin Müştəri məmnuniyyəti üzrə məsləhətçisi Xəyalə Hacıyevanın təqdimatı ilə “Strateji tədqiqatda əməkdaşlıq: Web of Science və InCites Benchmarking & Analytics platformaları vasitəsilə əməkdaşlıq anlayışının təhlili” mövzusunda vebinar keçirilib. Onlayn formatda təşkil olunan tədbir Microsoft Teams platforması üzərindən baş tutub.

Vebinar zamanı X.Hacıyeva “Web of Science” və “InCites Benchmarking & Analytics” platformalarının imkanları barədə ətraflı məlumat verərək, tədqiqat sahələrinə uyğun aktual mövzuların müəyyənləşdirilməsi, elmi əməkdaşlıq üçün potensial tərəfdaş tədqiqatçıların müəyyən edilməsi, elmi fəaliyyət üçün mümkün maliyyələşdirmə fondlarının müəyyənləşdirilməsi və bu istiqamətdə analitik alətlərdən istifadə imkanları barədə təqdimatla çıxış edib.

Tədbir çərçivəsində iştirakçılara qeyd olunan platformaların elmi-tədqiqat fəaliyyətində tətbiqi, elmi nəticələrin təhlili və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından yaratdığı imkanlar barədə məlumat verilib.

Vebinarda Mingəçevir Dövlət Universitetinin 60-a yaxın əməkdaşı qeydiyyatdan keçərək iştirak edib və tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.