Mingəçevir Dövlət Universitetində “Su biomüxtəlifliyi və nadir növlərin qorunması” mövzusunda seminar keçirilib

2026-cı il martın 3-də Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su biomüxtəlifliyi və nadir növlərin qorunması” mövzusunda elmi seminar keçirilib. Universitetin GEOLAB laboratoriyasında təşkil olunan tədbir tələbələrin su ekosistemləri, biomüxtəlifliyin qorunması və nadir növlərin mühafizəsi sahəsində elmi biliklərinin artırılması məqsədi daşıyıb.

Seminar Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibovanın moderatorluğu ilə baş tutub. Tədbirin açılışı mövzuya həsr olunmuş maarifləndirici videoçarxın nümayişi ilə başlayıb. Çıxışlarda su ekosistemlərinin qorunmasının əhəmiyyəti, biomüxtəlifliyin davamlı inkişaf baxımından rolu və nadir növlərin mühafizəsinin gələcək nəsillər üçün strateji əhəmiyyəti vurğulanıb.

Seminar proqramı çərçivəsində kafedranın müəllimləri tərəfindən müxtəlif istiqamətlər üzrə məruzələr təqdim olunub. Fizika və Ekologiya kafedrasının müəllimi Aliyə Mirzəyeva “Səssiz qəhrəmanlar: fitoplanktonlardan balinalara qədər” mövzusunda çıxış edərək su canlılarının ekosistemdəki zəncirvari rolundan bəhs edib və onların ekoloji balansın qorunmasındakı əhəmiyyətini diqqətə çatdırıb. Kafedranın müəllimi Rüfanə Zahidzadə “Mavi planetin gizli sərvəti: su biomüxtəlifliyi və nadir növlərin qorunmasının strateji əhəmiyyəti” adlı təqdimatında su biomüxtəlifliyinin qorunmasının qlobal ekoloji təhlükəsizlik və təbii resursların davamlı idarə olunması baxımından əhəmiyyətini vurğulayıb. Kafedranın müəllimi Əfsanə Babayeva isə “Ekosistem yanaşması əsasında su biomüxtəlifliyinin idarə olunması” mövzusunda çıxış edərək təbii ehtiyatların qorunması və idarə edilməsində müasir ekoloji metodların tətbiqi imkanlarından danışıb.

Məruzələrdən sonra tələbələrin iştirakı ilə mövzu ətrafında geniş müzakirələr aparılıb, su ekosistemlərinin qorunması istiqamətində elmi yanaşmalar və praktik həll yolları müzakirə olunub. Qeyd edilib ki, su biomüxtəlifliyinin qorunması yalnız ekoloji məsələ deyil, həm də gələcək nəsillərin rifahı və təbii resursların davamlı istifadəsi baxımından həyati əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərən GEOLAB laboratoriyası tələbələrin ekoloji prosesləri daha yaxından öyrənməsi, nəzəri biliklərini praktik mühitdə tətbiq etməsi və müasir tədqiqat metodları ilə tanış olması baxımından mühüm imkanlar yaradır. Bu kimi elmi tədbirlər isə tələbələrin ekoloji düşüncə tərzinin formalaşmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə töhfə verir.