2026-cı ilin 19 mart tarixində Mingəçevir şəhərində Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin kollektivi, tələbə və magistrantları fəal iştirak ediblər.
Bayram tədbiri şəhərin Səməd Vurğun Meydanında baş tutub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, şəhər Bələdiyyəsinin və Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ali və ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, tələbə gənclər, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər.
Tədbir çərçivəsində İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək Novruz bayramı münasibətilə iştirakçıları təbrik etmiş, milli-mənəvi dəyərlərin qorunmasının və cəmiyyətin birliyinin əhəmiyyətini vurğulamışlar.
Bayram proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti və digər təhsil müəssisələrinə ayrılmış, milli ornamentlər və Novruz atributları ilə zəngin şəkildə tərtib olunmuş tematik guşələr nümayiş etdirilib. Bu guşələrdə milli adət-ənənələr, xalq yaradıcılığı nümunələri və tələbələrin əl işləri təqdim olunaraq tədbirə xüsusi rəng qatıb.
Tədbirin bədii hissəsində tanınmış müğənnilərin ifaları səsləndirilib, idmançılar müxtəlif idman növləri üzrə maraqlı çıxışlar nümayiş etdiriblər. Eyni zamanda, məktəblilər və tələbələr tərəfindən təqdim olunan rəqs nömrələri bayram ab-havasını daha da zənginləşdirib.
Qeyd edək ki, bu cür tədbirlər milli-mədəni irsin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin sosial birliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mingəçevir Dövlət Universitetinin bu kimi təşəbbüslərdə fəal iştirakı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv və dəyər əsaslı cəmiyyətin formalaşmasına töhfə verir.