Mingəçevir Dövlət Universitetində “İqlim Risklərinin Qiymətləndirilməsi və Adaptasiya Mexanizmləri” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “İqlim Risklərinin Qiymətləndirilməsi və Adaptasiya Mexanizmləri” mövzusunda təlim təşkil olunub.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində keçirilən təlimin əsas məqsədi iqlim dəyişikliklərinin yaratdığı risklərin müəyyən edilməsi, bu risklərin təsirlərinin qiymətləndirilməsi və uyğunlaşma mexanizmləri barədə iştirakçıların bilik və bacarıqlarını artırmaq olub.

Təlim zamanı iqlim dəyişikliklərinin səbəb olduğu ekstremal hava hadisələri, temperatur artımı, su qıtlığı və digər ekoloji problemlərin iqtisadiyyat və cəmiyyət üzərində təsiri ətraflı şəkildə izah olunub.

İştirakçılara iqlim risklərinin qiymətləndirilməsi üsulları, risklərin müəyyənləşdirilməsi, təhlili və prioritetləşdirilməsi mərhələləri barədə məlumat verilib. Bununla yanaşı, adaptasiya mexanizmləri – yəni risklərin təsirini azaltmağa yönəlmiş tədbirlər, o cümlədən dayanıqlı infrastrukturun qurulması, su və enerji resurslarının səmərəli idarə olunması, kənd təsərrüfatında uyğunlaşma strategiyalarının tətbiqi və erkən xəbərdarlıq sistemlərinin rolu geniş şəkildə müzakirə olunub.

Təlim çərçivəsində dövlət siyasətləri, beynəlxalq əməkdaşlıq və yerli səviyyədə həyata keçirilən tədbirlərin iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılmasında əhəmiyyəti də diqqətə çatdırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində iqlim dəyişiklikləri, ekoloji dayanıqlılıq və yaşıl inkişaf istiqamətlərində bu kimi maarifləndirici təlimlərin təşkili davam etdirilir.