2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ekoloji şəhərsalma və yaşıl memarlıq” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirin açılışında universitetin məsləhətçi-professoru Veysəl Əyyubov çıxış edərək şəhərsalma prosesində ekoloji amillərin prioritetliyini vurğulayıb, davamlı inkişaf prinsiplərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin rektor Anar Eminov tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq davam etdirildiyini qeyd edib.
Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mövzuya dair videoçarx nümayiş olunub.
Dəyirmi masa çərçivəsində Mingəçevir şəhər Bələdiyyəsinin “Yerli Ekologiya Məsələləri” üzrə daimi komissiyasının sədri Anar Quliyev “Azərbaycanda ekoloji şəhərsalma perspektivləri” mövzusunda çıxış edərək şəhər infrastrukturunun “yaşıl artım” strategiyasına uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Fizika və Ekologiya kafedrasının müdiri, dosent Təranə Yusibova “Süngər şəhərlər konsepsiyası və yaşıl infrastruktur” mövzusunda məruzə ilə çıxış edərək yağıntı sularının effektiv idarə olunması və şəhər ekosisteminin bərpası baxımından bu yanaşmanın aktuallığını əsaslandırıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mingəçevir Su Kanal İdarəsinin baş mühəndisi Mustafa Kərimov su resurslarının səmərəli istifadəsi, su itkilərinin azaldılması və müasir texnologiyaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.
8 saylı RETSİ-nin aparıcı məsləhətçisi Ülkər Paşayeva “Rəqəmsal ekologiya: şəhərsalmada yaxın gələcəyin idarəetmə modeli” mövzusunda çıxış edərək rəqəmsal monitorinq sistemlərinin ətraf mühitin qorunmasında rolunu qeyd edib.
Kafedranın müəllimi Aysel Bayramova isə ekoloji tikinti materiallarının tətbiqi, enerji-effektiv binaların inşası və karbon izinin azaldılması ilə bağlı təqdimatla çıxış edib.
Tədbirin sonunda Mingəçevir Dövlət Universitetinin Tədris prosesinin təşkili və idarə edilməsi üzrə rektor müşaviri, dosent Ceyhun Mahmudov çıxış edərək bu kimi elmi-praktik tədbirlərin tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması və onların müasir çağırışlara uyğun bilik və bacarıqlar əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Dəyirmi masa çərçivəsində “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrin layihə təqdimatları da keçirilib. Müxtəlif tələbə komandaları tərəfindən təqdim olunan layihələr ekoloji problemlərə innovativ və tətbiqyönümlü yanaşmaları ilə seçilib. Bu layihələr sırasında atmosfer tullantılarının azaldılması, yaşıl bina konsepsiyası, bərpaolunan enerji həlləri, akvaponika sistemləri, ağıllı kənd modelləri və ekoloji nəqliyyat təşəbbüsləri yer alıb.
Ümumilikdə, tədbir çərçivəsində təqdim olunan çıxışlar və layihələr tələbələrin ekoloji problemlərə yaradıcı və elmi yanaşmalarını nümayiş etdirməklə yanaşı, dayanıqlı inkişaf məqsədlərinə uyğun praktik həllərin işlənib hazırlanmasının mümkünlüyünü bir daha təsdiq edib.