2026-cı ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş XXI elmi konfrans keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan konfrans tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, şəhərsalma, idarəetmə, turizm və regional inkişaf istiqamətində aktual mövzular üzrə elmi müzakirələrin təşviqi məqsədi daşıyıb.
Konfransın açılışında çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli tələbələrin elmi fəaliyyətə cəlb edilməsinin əhəmiyyətindən danışıb, ölkədə həyata keçirilən müasir şəhərsalma siyasətinin və dayanıqlı inkişaf yanaşmalarının ali təhsil müəssisələrində elmi müstəvidə araşdırılmasının vacibliyini vurğulayıb.
Konfrans çərçivəsində tələbələr tərəfindən şəhərsalma, ərazi marketinqi, ağıllı şəhər konsepsiyası, turizm və post-münaqişə dövründə regional inkişaf mövzularında məruzələr təqdim olunub. Məruzələrdə şəhər brendinqi və marketinq strategiyalarının şəhərsalma proseslərinə təsiri, Şuşanın şəhərsalma mədəniyyəti, regionların balanslı inkişafında ərazi marketinqinin rolu, Azərbaycanda “Ağıllı şəhər” konsepsiyası, Qarabağda şəhərsalma və iqtisadi dirçəliş modelləri, memarlıq abidələrinin turizm sektoruna təsiri kimi aktual istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə tələbələrin elmi rəhbərlərinin iştirakı ilə təqdim olunan tədqiqat işləri müzakirə olunub, iştirakçılar tərəfindən mövzular üzrə fikir və təkliflər səsləndirilib. Konfransın sonunda tələbələrin elmi potensialının inkişaf etdirilməsi, innovativ və yaradıcı yanaşmaların təşviqi baxımından belə platformaların əhəmiyyəti xüsusi qeyd olunub.