Mingəçevir Dövlət Universitetində iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişaf perspektivlərinə həsr olunmuş “İqlimə davamlı kənd təsərrüfatı: müasir çağırışlar və uyğunlaşma mexanizmləri” adlı təlim təşkil olunub. Təlimdə tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Tədbir çərçivəsində kənd təsərrüfatı sektorunda müşahidə olunan iqlim riskləri, su resurslarının idarə olunması, torpaq münbitliyinin qorunması və məhsuldarlığın dəyişən iqlim şəraitinə uyğunlaşdırılması kimi əsas məsələlər geniş şəkildə təhlil olunub. Təlim zamanı İqtisadiyyat kafedrasının müəllimi Kənan Abbasov temperatur artımı, yağıntı rejimində dəyişikliklər, quraqlıqların intensivləşməsi və ekstremal hava hadisələrinin kənd təsərrüfatı istehsalına təsiri barədə elmi əsaslandırılmış məlumatlar təqdim edib. Eyni zamanda beynəlxalq təcrübələrə əsaslanan müqayisəli təhlillər aparılıb.
Vurğulanıb ki, mövcud mərhələdə kənd təsərrüfatında dayanıqlılığın qorunmasının ən mühüm istiqamətlərindən biri resurslardan səmərəli istifadə və adaptiv idarəetmə modellərinə keçiddir. Xüsusilə damcı suvarma texnologiyalarının tətbiqi, su itkisini minimuma endirən sistemlərin qurulması, meteoroloji erkən xəbərdarlıq mexanizmlərinin genişləndirilməsi və fermerlərin rəqəmsal informasiya platformalarına çıxış imkanlarının artırılması əsas amillər kimi qeyd olunub.
Müzakirələr zamanı bildirilib ki, iqlimə davamlı toxum sortlarının seçilməsi, duza və quraqlığa davamlı əkin materiallarından istifadə, eləcə də torpaq analizlərinə əsaslanan gübrələmə üsulları kənd təsərrüfatında məhsuldarlığın qorunmasına ciddi töhfə verir. Həmçinin vurğulanıb ki, aqrar sektorda rəqəmsallaşma yalnız istehsalın effektiv idarə olunmasına deyil, həm də risklərin erkən qiymətləndirilməsinə imkan yaradır.
İştirakçılara Azərbaycanda kənd təsərrüfatının iqlim çağırışlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətləri, subsidiya mexanizmləri və innovativ yanaşmalar barədə də məlumat verilib. Qeyd olunub ki, kənd təsərrüfatında dayanıqlılığın təmin edilməsi ölkənin ərzaq təhlükəsizliyi, regional inkişafı və ekoloji balansı baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, müzakirələr aparıb və gələcəkdə iqlimə uyğunlaşan aqrar idarəetmə üzrə praktik təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.