Rektor Anar Eminov Beynəlxalq Tələbə Günü münasibətilə MDU-nun aktiv tələbələri ilə görüşüb

2025-ci il 17 noyabr tarixində Beynəlxalq Tələbə Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bu ali təhsil müəssisəsinin sosial-ictimai həyatında aktiv iştirak edən, təhsil uğurları fərqlənən tələbə və magistrantları ilə görüşüb.

Görüş zamanı rektor Anar Eminov tələbələri əlamətdar gün münasibətilə təbrik edib, onların MDU-nun inkişafında fəal rolunu yüksək qiymətləndirib. O, tələbələrə yaradılan təhsil mühiti, ikili diplom və mübadilə proqramları, asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlər və davam edən yeniliklər barədə məlumat verib, gənclərin təşəbbüskarlığının və aktiv iştirakının universitet üçün əhəmiyyətini vurğulayıb.

Səmimi mühitdə keçən görüşdə tələbələr fikirlərini bölüşüb, təkliflərini səsləndirib, həmçinin universitetdə tələbəyönümlü fəaliyyətlərin davam etdirilməsindən məmnun olduqlarını bildiriblər.

Görüşün sonunda sosial-ictimai fəaliyyəti və təhsil sahəsindəki nailiyyətləri ilə seçilən bir qrup tələbə və magistrant sertifikatla təltif olunub.