Qurban bayramı fədakarlığın, mənəvi saflığın və müqəddəs dəyərlərə yaxınlığın rəmzi olmaqla yanaşı, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan xalqı tarix boyu İslamın saf mənəvi dəyərlərinə sadiq qalaraq bu bayramı milli-mənəvi kimliyimizin ayrılmaz hissəsi kimi yaşatmış, onun hikmətini həyat tərzinə çevirmişdir.
İslam dini öz demokratik, humanist və ümumbəşəri idealları ilə dünya sivilizasiyasının mühüm bir hissəsini təşkil edir və xalqımızın dünyagörüşünün formalaşmasında, milli-mədəni kimliyimizin inkişafında müstəsna rol oynamışdır. Mütərəqqi İslam dəyərləri və ənənələri Azərbaycanda hər zaman yüksək ehtiramla qorunmuşdur.
Qurban bayramı İslam dininin kamilləşdirilərək bəşəriyyətə mənəvi və əxlaqi nicat yolu kimi bəxş edilməsinin təcəssümüdür. Bu müqəddəs gündə müsəlmanlar Uca Allaha yaxınlığın və ilahi dəyərlərə sədaqətin sevincini yaşayır, ali məqsədlər naminə hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunan Qurban bayramı mərasimləri cəmiyyətdə bərabərlik və tolerantlıq ruhunu daha da möhkəmləndirərək milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət hisslərinin parlaq təzahürünə çevrilir.
Qürurvericidir ki, bu bayram günlərində azad Qarabağda soydaşlarımız doğma torpaqlarına qayıdış sevincini yaşayır, ata-baba yurdlarında qurban ibadətini yerinə yetirirlər. Bu mübarək gündə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Uca Allahdan xalqımızın və dövlətimizin əmin-amanlığı, rifahı naminə edilən duaların və kəsilən qurbanların qəbul olunmasını diləyərək, dünyanın müxtəlif guşələrində yaşayan bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu müqəddəs bayram hər bir ailəyə xoşbəxtlik, hər bir süfrəyə ruzi-bərəkət, hər bir ürəyə sevinc və hər bir xoş niyyətə qovuşmaq nəsib etsin.
Qurban bayramınız mübarək!
Hörmətlə,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru
27 may 2026