“Bu gün xalqımız 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümünü böyük coşqu və sevinc hissləri ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan bu şanlı qalibiyyət 30 illik erməni işğalına son qoymaqla milli qürurumuzu qaytardı”.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliyini, yüksək diplomatik və sərkərdəlik məharətini, Silahlı Qüvvələrimizin modern gücünü, milli həmrəyliyimizi, xalq, dövlət və ordumuzun sarsılmaz birliyini, dost və qardaş ölkələrin böyük mənəvi və siyasi dəstəyini özündə ehtiva edən “Dəmir yumruq” qələbəmizin rəmzi və həlledici amili hesab edilir: “Eyni zamanda, Şuşa nisgili anlamını verən Xarıbülbül də tarixi Zəfərdən sonra artıq qələbəmizin simvoluna çevrilib. Məhz 2020-ci ilin 8 noyabr tarixində qəhrəman əsgər və zabitlərimizin böyük şücaəti və fədakarlığı sayəsində alınmaz qala hesab olunan doğma Şuşamızın düşmən əsarətindən xilas edilməsi ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və məğlubiyyətini rəsmən qəbul etdi”.
Rektor bildirib ki, tarixi Zəfərin qazanılması ilə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan xalqının əsas arzusu gerçəkləşdi. Qarabağın azad olunması xəyal kimi görünsə də, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu böyük xilaskarlıq və qurtuluş missiyasının öhdəsindən layiqli şəkildə gələrək, həm ata vəsiyyətini yerinə yetirdi, həm də dünyada bütün vədlərinə əməl edən lider kimi tarixə düşdü: “Parlaq Zəfərdən sonra da Azərbaycan uğurlarını və qələbələrini davam etdirərək daxili təhdidlərə tamamilə son qoymağı bacardı. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyümüz tam bərpa edildi. Eləcə də, sentyabrda Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində 24 saatdan az bir müddətdə düşmənin qanunsuz silahlı birləşmələrinin təslim edilməsi ilə suverenliyimiz tam təmin olundu. Böyük sevinc və qürur hissləri keçiririk ki, hazırda Zəfər Günü Azərbaycanın şanlı bayrağı altında bütünlüklə Qarabağda və Şərqi Zəngəzurda qeyd edilir. Bütün bunlara görə Vətənin hər qarışı uğrunda canını və qanını əsirgəməyən qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq, onlara əbədi minnətdarıq. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad edilməsi xəbərini Prezident İlham Əliyev şəhidlərimizin əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq məhz Şəhidlər xiyabanında verib: “Bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq”.
Onun sözlərinə görə, tarixi Zəfər, həmçinin Azərbaycanın qalib dövlət konseptini və onun uğurla reallaşdırılması modelini bütün dünyaya nümayiş etdirdi. Son 20 ildə məhz dövlət başçımızın bütün sahələrdə atdığı düşünülmüş, uzaqgörən, məqsədyönlü və qətiyyətli addımların ardıcıl qələbələrlə nəticələnməsi, eləcə də post münaqişə dövründə yaranan yeni reallıqlar şəraitində Azərbaycanın qüdrətinin daha da artması və mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsi bu uğurlu idarəetmə təcrübəsini dünya üçün öyrənilməsi vacib olan nümunəvi modelə çevirib.
“Bununla yanaşı, tarixi Zəfər yüz minlərlə həmvətənimizin üzərindən məcburi köçkün imzasını götürdü. Uzun illər erməni vəhşiliyinə məruz qalmış doğma və əzəli yurdlarımızın sürətlə dirçəldilməsi və bu torpaqların əsl sahiblərinin qayıdışının təmin edilməsi hər birimizi qürurlandırır. Bir daha bu sonsuz qürur hisslərini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyərək və onların əziz xatirəsini böyük ehtiram və minnətdarlıqla anaraq əminliyimizi bildiririk ki, tarixi Zəfərlə əsası qoyulan yeni inkişaf mərhələsi Azərbaycanı daha parlaq gələcəyə və yeni-yeni qələbələrə doğru inamla irəli aparır”, – deyə o əlavə edib.