Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

 

2021-ci ilin 4 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin imtahan sessiyası çərçivəsində dördüncü “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Pandemiya şəraitində təhsilalanlarla çevik kommunikasiyanın əhəmiyyətindən danışan rektor MDU-da onlayn “Açıq qapı” günlərinin keçirilməsinin müsbət ənənəyə çevrildiyini və imtahan sessiyasının gedişatının qiymətləndirilməsində mühüm rol oynadığını bildirib.

MDU-da cari imtahan sessiyasının dördüncü həftəsi barədə məlumat verən Ş.Bayramov tələbələrin imtahanlarda yüksək fəallıq nümayiş etdirdiyini və müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.

Daha sonra tələbə və magistrantların köçürülmə, ixtisas dəyişmə və digər müraciətləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb. Tələbələr imtahan sessiyasının təşkilindən razılıqlarını ifadə ediblər, semestr ərzində universitet rəhbərliyinin, professor-müəllim və inzibati heyətin xüsusi diqqətinə və həssaslığına görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 11 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 14 yanvar, 21 yanvar və 28 yanvar tarixlərində keçirilib.

{phocagallery view=category|categoryid=512|limitstart=0|limitcount=0}