Mingəçevir Dövlət Universitetində müəllim və tələbələr üçün akademik potensialın gücləndirilməsinə yönəlmiş təlimlər keçirilib

Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzinin təşkilatçılığı müəllimlər üçün “Tədqiqat və nəşr fəaliyyəti”, tələbələr üçün isə “Təhsil sahəsində imkanlar” mövzusunda təlimlər keçirilib. Təlimlərdə ADA Universitetinin Təhsil idarəetməsi Məktəbinin dosenti Ceyran Ağayeva məruzəçi qismində çıxışlar edib.

Müəllim heyəti üçün təşkil olunan “Tədqiqat və nəşr fəaliyyəti” mövzusunda təlim humanitar elmlər və dilçilik sahəsində fəaliyyət göstərən akademik heyətə müasir tədqiqat və nəşr standartları üzrə praktik biliklər təqdim edib. Sessiya çərçivəsində tədqiqatın dizaynı, ilkin və ikinci dərəcəli məlumatların toplanması üsulları, metodologiya bölməsinin elmi əsaslarla yazılması prinsipləri izah olunub. Eyni zamanda, beynəlxalq jurnalların seçimi strategiyaları, nüfuzlu elmi nəşrlərin müəyyənləşdirilməsi üçün “Web of Science” bazasından istifadə qaydaları və nəşriyyat təcrübələrindən yayınma mexanizmləri barədə praktik tövsiyələr verilib.

Tələbələr üçün keçirilən “Təhsil sahəsində imkanlar” mövzusunda sessiya isə Avropa və Amerika Birləşmiş Ştatlarında magistratura təhsili perspektivlərinə həsr olunub. Təlimdə iştirakçılara uyğun ali təhsil müəssisələrinin seçilməsi meyarları, güclü Motivasiya məktubunun (Statement of Purpose) hazırlanması, tövsiyə məktublarının əldə olunması və beynəlxalq təqaüd imkanlarının müəyyənləşdirilməsi barədə sistemli və praktik məlumat təqdim edilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan təlimlərdə suallar cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu cür proqramlar keyfiyyətli və inklüziv təhsilin təşviqinə, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə, habelə beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə töhfə verərək davamlı inkişaf gündəliyinin əsas prioritetlərinə uyğun şəkildə həyata keçirilir.