Mingəçevir Dövlət Universitetinin müəllimi tərəfindən məktəblilər üçün dəniz ekosisteminə həsr olunmuş maarifləndirici seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Gülgün İsrəfilova tərəfindən məktəblilər üçün “Dəniz ekosisteminin qorunması və biomüxtəlifliyin saxlanılması” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi məktəblilərdə dəniz ekosistemləri haqqında biliklərin artırılması, biomüxtəlifliyin qorunmasının əhəmiyyətinin aşılanması və ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması olub.

Tədbir çərçivəsində Gülgün İsrəfilova dəniz mühitinin çirklənməsi, iqlim dəyişikliklərinin su ekosistemlərinə təsiri, eləcə də bu sahədə beynəlxalq təcrübə və yerli təşəbbüslər barədə ətraflı məlumat verib. Bildirilib ki, dəniz ekosistemlərinin qorunması yalnız ekoloji deyil, həm də sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Seminar zamanı məktəblilərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb və praktiki nümunələr əsasında izahlar verilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tərəfindən gənclərin ekoloji maarifləndirilməsi, biomüxtəlifliyin qorunması və davamlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.