25 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Zəfərə aparan Vətən müharibəsinin başlandığı gün” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov giriş nitqi ilə çıxış edərək, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qeyd olunduğunu bildirib və 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışıb. Vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir.
Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişindən sonra konfransın proqramına uyğun olaraq MDU əməkdaşlarının məruzələri dinlənilib. Tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “27 sentyabr Azərbaycan xalqının Qürur və Zəfər tarixidir”, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Babayev “Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr”, Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin koordinatoru Minayə Hüseynova “Zəfər zirvəsini fəth edən qəhrəman şəhidlərimiz əbədi yaşayacaq”, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə “Azərbaycan xalqının mübarizə və qəhrəmanlıq tarixi ədəbiyyatımızda” adlı mövzularda çıxışlar ediblər.
Şəhid ailə üzvləri Azadə Abdullayeva və İldırım Cüməzadə konfransın təşkil edilməsində əməyi olan hər kəsə, o cümlədədn bütün MDU ailəsinə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu cür tədbirlər vasitəsilə tələbələrə ölkəmizin düşmənə qarşı apardığı mübarizənin əhəmiyyəti və torpaqlarımızın azadlığı uğrunda qəhrəman ordumuz tərəfindən göstərilən şücaət aşılanır. Çıxış edənlər 27 sentyabr Anım Gününün Azərbaycan xalqı üçün böyük önəm daşıdığını vurğulayaraq, onların şəhid övladlarının timsalında bütün şəhidlərimizin daim sevgi və sayğı ilə yad edildiyini bildiriblər.
Qeyd edək ki, konfrans “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsini başlıca vəzifələrindən biri kimi müəyyən edən MDU-da əlamətdar tarixi günlərə və qəhrəmanlarımıza həsr olunan tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.