Təhsil və peşəkar maliyyə biliklərinin inkişafı üçün yeni tərəfdaşlıq: Mingəçevir Dövlət Universiteti və Professional Maliyyə Menecerləri Asossiasiyası Əməkdaşlıq Memorandumu imzalayıb

2026-cı ilin 11 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum universitet ilə peşəkar maliyyə sektoru arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyat, maliyyə və mühasibat sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədini daşıyır.

Memorandumun imzalanması münasibətilə Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasında olub. Görüş çərçivəsində tərəflər arasında əməkdaşlıq imkanları dəyirmi masa formatında müzakirə olunub, maliyyə və biznes sahələrində kadr hazırlığı, beynəlxalq sertifikatlaşdırma proqramları və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Natəvan Namazova çıxışında ali təhsil müəssisələri ilə peşəkar təşkilatlar arasında əməkdaşlığın müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, universitetin əsas prioritetlərindən biri tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsi, onların beynəlxalq standartlara uyğun ixtisaslaşmasına dəstək verilməsi və qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.

APFM-in sədri Nuriyyə Novruzova çıxışında universitetlə əməkdaşlığın maliyyə və biznes sahəsində peşəkar biliklərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, ali təhsil müəssisələri ilə qurulan əməkdaşlıq tələbələrin beynəlxalq kvalifikasiya proqramlarına cəlb olunmasına, onların peşəkar inkişafına və maliyyə sahəsində qabaqcıl təcrübənin tətbiqinə geniş imkanlar yaradır.

Memoranduma əsasən tərəflər iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi sahələrində biliklərin artırılması, birgə elmi-tədqiqatların aparılması, məsləhətləşmələr və ekspertiza fəaliyyətlərinin təşkili, həmçinin məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Sənəd çərçivəsində universitetin müəllim və tələbələrinin APFM tərəfindən təşkil olunan beynəlxalq statuslu təlim və sertifikat proqramlarında iştirakının təşviqi, mütəxəssislərin beynəlxalq kvalifikasiya imtahanlarına cəlb olunması, maliyyə və biznes sahəsində yeni bilik və təcrübələrin paylaşılması nəzərdə tutulur. Bununla yanaşı, tərəflər birgə konfrans, seminar və dəyirmi masaların təşkili, tələbələr üçün təcrübə və peşəkar inkişaf imkanlarının yaradılması istiqamətində də əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, imzalanan Memorandum tərəflər arasında beynəlxalq standartlara uyğun yüksək ixtisaslı maliyyə mütəxəssislərinin hazırlanmasına, peşəkar biliklərin inkişafına və universitet ilə maliyyə sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.