2026-cı ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən həyata keçirilən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihə çərçivəsində tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri və layihə rəhbəri Çingiz Bayramov azərbaycançılıq məfkurəsinin milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin birlik və bütövlüyünün təmin olunmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, azərbaycançılıq ideologiyası milli kimliyə, dövlətə və milli dəyərlərə bağlılığın ifadəsi olmaqla yanaşı, vətənpərvərlik ruhunun formalaşmasına da mühüm töhfə verir. Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri xüsusi vurğulanıb.
Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri ürzə prorektoru Natavan Namazova çıxışında gənclər arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik düşüncəsinin və dövlətçilik ənənələrinin təbliğinin əhəmiyyətindən bəhs edib. O, bu kimi maarifləndirici tədbirlərin tələbələrin milli kimlik və vətəndaşlıq şüurunun formalaşmasına mühüm təsir göstərdiyini diqqətə çatdırıb.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü Anar Əsədov isə çıxışında Azərbaycançılıq ideologiyasının milli birlik və həmrəyliyin möhkəmləndirilməsindəki rolundan danışıb. O, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” və “Biz qalib xalqıq, qalib dövlətik” fikirlərinin Azərbaycanın gücünü və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Tədbir çərçivəsində tələbələr mövzu ətrafında fikir mübadiləsi aparıb, azərbaycançılıq ideologiyasının müasir dövrdə əhəmiyyəti barədə müzakirələr keçiriblər. Eyni zamanda iştirakçılar qarşıdan gələn 28 May – Müstəqillik Gününün Azərbaycan tarixinin ən parlaq və qürurverici səhifələrindən biri olduğunu vurğulayıblar.