Azərbaycanda yürüdülən müdrik siyasət sayəsində xalq-iqtidar birliyi təmin olunub

Azərbaycanda yürüdülən müdrik siyasət sayəsində xalq-iqtidar birliyi təmin olunub

2020-ci ildə Azərbaycan dövləti 200 illik tarixində ən böyük zəfərini qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etməklə Azərbaycanın müzəffər ordusu tariximizi şərəfləndirdi. Ötən illər ərzində iqtisadi inkişaf yolunda nailiyyətlər əldə edən ölkəmiz dövlətimizin başçısı, Ali Baş Komandanın siyasəti ilə həm də hərb sahəsində böyük uğurlara nail olub. Vətən müharibəsi bunu bir daha təsdiqləri. Həm hərbdə, həm də masada qazanılan qələbə xalqımızın sevincinin üstünə sevinc qatdı. Bu günlərdə Yeni Azərbaycan Partiyasının növbəti qurultayının keçirilməsi mövcud siyasi müstəvinin genişlənməsinə yol açır. Bəri başdan qeyd edim ki, Azərbaycan artıq 30 il bundan əvvəlki dövlət deyil. Xalqımız iyirminci əsrin sonlarında olan vəziyyəti yaxşı xatırlayır. O zaman xaos və anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə çəkişmələr yaradır, insanların həyat tərzində gərginlik hökm sürürdü. Yəni həyatda boşlüq var idi, sabaha inam yox idi. Insanlar qorxu içində yaşayırdılar. Bir yandan sosial vəziyyətin aşağı səviyyədə olması, bir yandan işsizlik, və xüsusilə də vətəndaş müharibəsi təhlükəsinin yaşandığı dövrü hamı yaxşı xatərlayır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycanı xilas etdi. Xalqın ümidləıri artdı. Keçid dövründən sonra ölkəımiz zamanla inkişaf yoluna qədəm qoydu.

1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri dayandırmışd. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bəzi qonşularımızla düşmən etdilər. Lakin bu gün fərəhlə demək olar ki, Azərbaycan isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub.

O illərdə ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, təcrid olunmuş vəziyyət və vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi. YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bakıda imkan verilmədiyi üçün təsis qurultayı Naxçıvanda keçirilmişdi. Və bununla da, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın əksəriyyətinin dəstəyi ilə ölkə Prezidenti seçildi və böhrandan çıxma prosesi başladı. 1993-2003-cü illər Azərbaycanın həlledici illəri sayılmalıdır, çünki o dövrdə dövlətçiliyin əsasları qoyulmuşdur. Nələr oldu? 20 Yanvar faciəsinə siyasi qiymət verildi.   Konstitusiya qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyünün qoyduğu senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı, müstəqil ölkə kimi tanınmağa başladı. Ölkəyə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı.

Bundan sonra, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verməklə, Prezident İlham Əliyevə etimad göstərdi. Azərbaycan son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atıb. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Prezident İlham Əliyev bildirib ki, “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik“. Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.”  

Azərbaycan Ordusu, gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bəzi ermənipərəst dövlətlərin məkrli planları alt-üst oldu.

Fərəhlə bildirmək olar ki, İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu nailiyyətləri öz zəhməti hesabına qazanıb.

Bu gün Azərbaycanda daxili sabitlik əsas amildir. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub. Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü. Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib. Azərbaycan yeni dövrə qədəm qoyur. Yeni dövrdə siyasi dialoq daha da dərinləşdiriləcəkdir. Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır. YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. Insanları çaşdırmaq lazım deyil. Daxili çəkişmələr və uğurlarımıza kölgə salmaq yalnız xəyanətdir.

Prezident qurultayda mesaj verdi ki, Ermənistan ərazi bütövlüyümüzü qəbul edəcəyi, regional əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verəcəyi təqdirdə, Azərbaycan Ermənistanla keçmiş düşmənçiliyi aradan qaldırmağa, bu səhifəni bağlamağa da hazırdır. Prezident, həmçinin bildirib ki, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.

2021-ci il martın 5-də YAP-ın VII qurultayında Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib. YAP-ın strukturu , İdarə Heyəti və Təftiş Komissiyası yenilənmişdir, 6 siyasi partiya bizə qoşulub. YAP bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır.

Biz partiyanın Mingəçevir şəhər təşkilatının üzvləri də dövlətimizin inkişafı və tərəqqisi yolunda öz xidmətlərimizi göstərir və bundan sonra daha da fəallıq nümayiş etdirəcəyik. Şəhid ailələri, Qarabaq qaziləri ilə görüşlərimizi davam etdirəcək, gənc nəsillə görüşələrimizdə Vətən müharibəsindəki qələbəmizin əsas səbəbinin xalq birliyi və vətənpərlik duyğusunun yüksək olması barədə məlumatlandıracağıq. Çünki böyük müharibədə zəfər çalan, iqtisadiyyatda ardıcıl olaraq uğurlar qazanan Azərbaycanın İlham Əliyev kimi qətiyyətli bir lideri var və biz də onun yanındayıq.

Cavanşir Yusubov,YAP Mingəçevir şəhər təşkilatının sədri