Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Təbiət elmləri Kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən Mingəçevir gəncləri üçün “Bərpa olunan enerji mənbələrinin tətbiqi: Günəş və külək enerjisi layihələri” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimin əsas məqsədi iştirakçılara bərpa olunan enerji mənbələrinin əhəmiyyəti, onların müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunmasında rolu və ekoloji davamlılığa verdiyi töhfələr barədə geniş məlumat vermək olub. Tədbirdə xüsusilə günəş və külək enerjisinin əldə olunma prinsipləri, bu sahədə tətbiq edilən innovativ texnologiyalar və dünya təcrübəsində həyata keçirilən uğurlu layihələr təqdim edilib.
Şəbnəm İslamova çıxışı zamanı qeyd edib ki, ənənəvi enerji resurslarının tükənməsi və iqlim dəyişikliklərinin sürətlənməsi fonunda alternativ enerji mənbələrinin inkişafı strateji əhəmiyyət daşıyır. O bildirib ki, günəş və külək enerjisi həm ətraf mühitə mənfi təsirlərin azaldılması, həm də iqtisadi cəhətdən dayanıqlı enerji sistemlərinin qurulması baxımından mühüm potensiala malikdir.
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, Azərbaycanda bərpa olunan enerji sektorunun inkişaf perspektivləri, ölkəmizdə həyata keçirilən enerji layihələri və bu istiqamətdə gənclərin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlandırıb, təlimçi tərəfindən onları maraqlandıran məsələlər ətraflı şəkildə cavablandırılıb. Tədbir gənclərin alternativ enerji sahəsində bilik və bacarıqlarının artırılması, ekoloji şüurun formalaşdırılması və innovativ düşüncənin təşviqi baxımından əhəmiyyətli olub.