2026-cı ilin 24 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “8-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı”nın açılış mərasimi keçirilib.
Konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Şəki filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD), Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı, Ege Universiteti, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi, Mahmud Kaşğari adına Beynəlxalq Fond və Bəxtiyar Vahabzadənin Ev Muzeyinin tərəfdaşlığı ilə təşkil olunub.
Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirakçıları salamlayaraq tədbirin qədim mədəniyyət və ədəbiyyat mərkəzlərindən biri olan Şəkidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində, milli kimlik ideyasının formalaşmasında və Türk dünyası ilə mənəvi bağlılığın gücləndirilməsində müstəsna xidmətlərindən danışıb. Elxan Usubov qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Şəhər rəhbəri konfransın alimlər, tədqiqatçılar və ali təhsil müəssisələri arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edib. Rektor çıxışında Bəxtiyar Vahabzadənin yaradıcılığının milli özünüdərk, ana dili, vətən sevgisi, azərbaycançılıq və türkçülük ideyalarının bədii-fəlsəfi ifadəsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Bəxtiyar Vahabzadə öz poeziyası, dramaturgiyası və publisistikası ilə xalqın yaddaşını, tarixi düşüncəsini və mənəvi bütövlük idealını qoruyan böyük fikir adamı kimi Azərbaycan ədəbiyyatında silinməz iz qoyub.
Anar Eminov vurğulayıb ki, bu cür beynəlxalq elmi tədbirlər yalnız ədəbi irsin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası universitetləri arasında akademik inteqrasiyanın, ortaq elmi mühitin və mədəni dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Rektorun sözlərinə görə, müasir dövrdə universitetlərin əsas missiyalarından biri milli-mənəvi irsin elmi əsaslarla tədqiqi, yeni nəsillərə ötürülməsi və bu irsin beynəlxalq akademik müstəvidə tanıdılmasıdır.
MDU rektoru çıxışında Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq, tədqiqat, akademik tərəfdaşlıq və Türk dünyası ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, Bəxtiyar Vahabzadə irsinə həsr olunmuş beynəlxalq konfrans MDU üçün həm elmi, həm də mənəvi baxımdan əhəmiyyətlidir və universitetin professor-müəllim heyətinin konfransda fəal iştirakı elmi potensialın, ədəbi-mədəni irsə həssas münasibətin və akademik əməkdaşlığa açıq yanaşmanın göstəricisidir.
Ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Vurğun Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, Bəxtiyar Vahabzadənin adı ilə bağlı beynəlxalq elmi tədbirin ADPU-nun Şəki filialında keçirilməsini filial üçün əlamətdar hadisə kimi dəyərləndirib. Vurğun Məmmədov bildirib ki, konfransın əsas məqsədi Xalq şairinin zəngin ədəbi-fəlsəfi irsinin müxtəlif elmi istiqamətlər üzrə araşdırılması, Türk dünyasında dil, tarix, mədəniyyət və ədəbiyyat sahələrində ortaq elmi müzakirə mühitinin yaradılmasıdır. O, konfransın təşkilinə dəstək göstərən bütün tərəfdaş qurumlara təşəkkürünü bildirib və tədbirin məhsuldar elmi nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Daha sonra “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov çıxış edib. O, İKSAD-ın beynəlxalq elmi əməkdaşlıq platformalarının inkişafına xüsusi önəm verdiyini bildirərək, Bəxtiyar Vahabzadəyə həsr olunan bu konfransın Azərbaycan və Türkiyə başda olmaqla, Türk dünyasının elmi qurumları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Əlvan Cəfərov vurğulayıb ki, dil, tarix, mədəniyyət və ədəbiyyat istiqamətlərini bir araya gətirən bu konfrans türk xalqlarının ortaq elmi-mədəni dəyərlərinin tədqiqi və beynəlxalq elmi dövriyyəyə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Açılış mərasimində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun baş direktoru professor Atık Akgünün onlayn təbriki də nümayiş olunub. Professor Atık Akgün çıxışında konfransın Türk dünyası elmi ictimaiyyəti üçün əhəmiyyətindən danışaraq, Bəxtiyar Vahabzadə irsinin ümumtürk düşüncəsində mühüm yer tutduğunu bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Açılış mərasimindən sonra plenar iclas keçirilib. Plenar iclasda çıxış edən alim və tədqiqatçılar Bəxtiyar Vahabzadənin ədəbi-fəlsəfi irsi, ana dili və milli kimlik məsələləri, Türk dünyasında ortaq mədəni yaddaş, ədəbiyyat və tarix əlaqələri, eləcə də müasir dövrdə türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişaf perspektivləri barədə məruzələrlə çıxış ediblər. Məruzələrdə Xalq şairinin yaradıcılığının yalnız ədəbi-estetik hadisə kimi deyil, həm də milli düşüncə, vətəndaş mövqeyi və mənəvi bütövlük məktəbi kimi dəyərləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin davamında bədii hissə təqdim olunub. Bədii proqramda Bəxtiyar Vahabzadənin yaradıcılığına, Azərbaycan ədəbiyyatına və milli-mənəvi dəyərlərə həsr olunmuş nümunələr səsləndirilib.
Qeyd edək ki, “8-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı” 24–26 iyun 2026-cı il tarixlərində öz işini bölmə iclasları ilə davam etdirəcək. Konfrans çərçivəsində müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən alim və tədqiqatçıların dilçilik, ədəbiyyatşünaslıq, tarix, mədəniyyət, təhsil və Türk dünyası araşdırmaları üzrə məruzələri dinləniləcək.