Mingəçevir Dövlət Universitetinin tələbələri ətraf mühitin mühafizəsinə həsr olunmuş ekoloji təşəbbüs həyata keçiriblər

2025-ci ilin 25 iyul tarixində Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət “Eko könüllülər” komandası Mingəçevir Su anbarının ərazisində yerləşən çimərlik zonasında ekoloji ekskursiya və təmizlik aksiyası təşkil ediblər.

MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamovanın təşəbbüsü ilə həyata keçirilən ekoloji tədbirin əsas məqsədi ətraf mühitin qorunması, tullantıların azaldılması və gənclər arasında ekoloji məsuliyyətin formalaşdırılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub. Bu təşəbbüs təbii resursların mühafizəsi, su hövzələrinin çirklənməsinin qarşısının alınması və dayanıqlı həyat tərzinin təşviqi baxımından əhəmiyyət daşıyır.

Ekskursiya çərçivəsində universitetin gənc könüllüləri tərəfindən sahilboyu ərazidə toplanmış plastik tullantılar və digər zərərli məişət qalıqları yığılaraq çimərliyin tullantılardan təmizlənməsi həyata keçirilib. Könüllülər bildiriblər ki, əsas hədəfləri təbiətə müsbət təsir göstərmək, tullantıların ətraf mühitə vurduğu zərəri minimuma endirmək və daha təmiz, yaşıl mühitin formalaşmasına töhfə verməkdir.

Tədbir zamanı Şəbnəm İslamova ətraf mühitin mühafizəsi və plastik tullantıların torpaq və su ekosistemlərinə vurduğu ziyan barədə maarifləndirici çıxış edib. O, plastik materialların uzun müddət ərzində parçalanmaması səbəbindən ekoloji tarazlığa mənfi təsir göstərdiyini, su canlılarının və biomüxtəlifliyin təhlükə altında qaldığını vurğulayıb. Eyni zamanda, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən dövlət strategiyaları, ekoloji layihələr və ictimai maarifləndirmə tədbirləri haqqında məlumat verilib.

Çıxışında gənc nəslin ekoloji proseslərdə fəal iştirakının vacibliyi xüsusi qeyd olunub, tələbə və könüllülər ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslərə qoşulmağa çağırılıb.

Ekskursiyanın sonunda “Eko Könüllülər” komandası bu cür təmizlik aksiyalarının davamlı şəkildə təşkil olunacağını və ekoloji məsuliyyət nümunəsinin cəmiyyətdə daha geniş yayılmasına çalışacaqlarını bildiriblər.

Tələbələr çimərlik ərazisini tullantılardan təmizləyib, sahmana salaraq abadlıq işləri görüblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən bu kimi təşəbbüslər ekoloji şüurun artırılması, su resurslarının qorunması, tullantıların idarə olunması mədəniyyətinin formalaşdırılması və davamlı inkişaf prinsiplərinin təbliği istiqamətində universitetin strateji fəaliyyət xəttinin mühüm tərkib hissəsidir.