2026-cı ilin 13 may tarixində Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji sistemləri və iqlim davamlılığı: LCA, karbon izi və dayanıqlı siyasət strategiyaları” mövzusunda elmi-praktik tədbir keçirilib.
“Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində təşkil olunan tədbirdə Mingəçevir şəhər Bələdiyyəsinin, Mənzir Kommunat Təsərrüfat İstehsalat Birliyinin, “Green Blue” MMC-nin rəhbər şəxsləri, Azərbaycan Texniki Universitetinin Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru v.m.i.e. Nicat Hüseynov universitetin professor-müəllim heyəti, tədqiqatçılar və sahə mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun direktoru dos. Ruhiyyə Hüseynova müasir dövrdə rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahəsində Azərbaycanın regional lider mövqeyinin gücləndirilməsi istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb. O, iqlim davamlılığı və karbon izinin azaldılması sahəsində elmi tədqiqatların genişləndirilməsinin və dayanıqlı enerji siyasətinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Açılış nitqindən sonra proqrama uyğun olaraq məruzələr dinlənilib. “Azərbaycan İES” MMC-nin direktoru dos. Təhmasib Hüseynov “Ağıllı şəbəkələr, süni intellekt əsaslı enerji optimallaşdırılması və karbon emissiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ağıllı enerji sistemlərinin qurulması, süni intellekt əsaslı texnologiyaların tətbiqi və enerji istehsalında karbon emissiyasının azaldılması modelləri barədə ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan Texniki Universitetinin Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru v.m.i.e. Nicat Hüseynov “COP31 sonrası iqlim öhdəlikləri, NDC-lər və enerji sektoru ekoloji riskləri” mövzusunda təqdimatla çıxış edərək beynəlxalq iqlim öhdəlikləri və enerji sektorunda mövcud olan ekoloji risklərin idarə edilməsi meyillərindən bəhs edib.
MDU-nun Energetika kafedrasının müdiri dos. Kəmalə Eyyubova “Bərpa edilə bilən enerji mənbələrinin karbon nötrallığı yolunda rəqəmsal texnologiyalarla inteqrasiyası: dövrü iqtisadiyyat modeli” mövzusunda çıxışında bərpa olunan enerjinin rəqəmsal transformasiyası və dövrü iqtisadiyyat modelinin tətbiqinin strateji əhəmiyyətini diqqətə çatdırıb.
“Green BLUE” MMC-nin direktor müavini Elvir Hacızadə isə “Hidroelektrik, günəş, külək enerjisinin ekoloji izləri: həyat dövri qiymətləndirməsi” mövzusunda təqdimat edərək alternativ enerji texnologiyalarının ətraf mühitə təsirləri və yaşıl enerji ekosisteminin həyat dövri qiymətləndirilməsi mexanizmləri barədə fikirlərini bölüşüb.
Tədbirdə yaşıl enerji sistemlərinin inkişafı, karbon izinin azaldılması, iqlim davamlılığı və dayanıqlı inkişaf istiqamətində müasir yanaşmalar ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində yaşıl texnologiyalar, enerji səmərəliliyi və ekoloji idarəetmə istiqamətində həyata keçirilən elmi və institusional fəaliyyətlər universitetin innovativ və məsuliyyətli akademik mühitinin inkişafına xidmət edir.