Mingəçevir Dövlət Universitetində keçirilən beynəlxalq konfransda Dokuz Eylül Universitetinin 15 tələbəsi məruzəçi kimi çıxışlar ediblər

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” mövzusunda Beynəlxalq Elmi Konfrans çərçivəsində beynəlxalq tələbə iştirakçılığı xüsusi diqqət çəkib.

Konfransda Türkiyənin İzmir şəhərində yerləşən  Dokuz Eylül Universitetinin İngilis dili müəllimliyi ixtisasında təhsil alan 15 tələbəsi fəal şəkildə iştirak edib. Tələbələr yalnız dinləyici qismində deyil, eyni zamanda elmi məruzəçi kimi çıxış edərək müxtəlif sessiyalarda öz tədqiqatlarını təqdim ediblər. Onların çıxışları dil tədrisi, müasir pedaqoji yanaşmalar və kommunikativ bacarıqların inkişafı kimi aktual mövzuları əhatə edib.

Bununla yanaşı, tələbələr konfransın mühüm komponentlərindən biri olan “Tələbə pedaqoji təcrübəsinin inkişafı üzrə beynəlxalq elmi-praktik forum”da da aktiv iştirak ediblər. Forum çərçivəsində gələcək müəllimlərin peşəkar hazırlığı, innovativ tədris metodları və praktik bacarıqların inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. Bu platforma tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına və peşəkar inkişafına mühüm töhfə verib.

Xarici tələbələrin konfransda həm elmi sessiyalarda, həm də praktik yönümlü forumda iştirakı ali təhsildə beynəlmiləlləşmə, inklüzivlik və davamlı inkişaf prinsiplərinin real tətbiqinin bariz nümunəsi kimi qiymətləndirilir. Bu yanaşma UI GreenMetric World University Rankings-nin təşviq etdiyi davamlı və məsuliyyətli ali təhsil modelinə uyğun olaraq akademik mobilliyin, bilik mübadiləsinin və qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Onlara Dokuz Eylül Universitetindən Dr. Murat Ata və Umut Ceylan rəhbərlik edib.

Eyni zamanda, bu təşəbbüs Mingəçevir Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında mövcud olan akademik əməkdaşlığın daha da möhkəmlənməsinə, tələbə mübadiləsinin genişlənməsinə və ortaq elmi fəaliyyətlərin inkişafına töhfə verir.

Ümumilikdə, beynəlxalq tələbələrin fəal iştirakı konfransın elmi məzmununu daha da zənginləşdirməklə yanaşı, multikultural akademik mühitin formalaşmasına, gənc mütəxəssislərin inkişafına və davamlı təhsil prinsiplərinin təşviqinə mühüm töhfə kimi dəyərləndirilir.