Mingəçevir Dövlət Universitetində “Ekoloji qanunvericilik və biomüxtəlifliyin qorunması” mövzusunda elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Ekoloji qanunvericilik və biomüxtəlifliyin qorunması” mövzusunda elmi-praktik seminar keçirilib. Müasir dövrün ən aktual problemlərindən biri olan ekoloji tarazlığın qorunması və ətraf mühitin hüquqi mühafizəsi məsələlərinə diqqət çəkmək məqsədilə təşkil olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarın giriş hissəsində mövzunun aktuallığını və ekosistemlərin mövcud vəziyyətini əks etdirən genişmiqyaslı videoçarx nümayiş etdirilib. Videoçarxda qlobal və regional ekoloji problemlər, biomüxtəlifliyin qorunmasının əhəmiyyəti və ətraf mühitə antropogen təsirlərin nəticələri barədə iştirakçılara vizual məlumat təqdim olunub.

Tədbirin məruzələr hissəsində MDU-nun hüquqşünası Polad Atayev “Ekoloji hüquqpozmaların müəyyən edilməsində hüquqi məsuliyyət” mövzusunda çıxış edərək, təbiətə dəymiş ziyanın hüquqi qiymətləndirilməsi və bu sahədə qanunvericiliyin tətbiqi mexanizmləri barədə ətraflı məlumat verib. Daha sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Fərid Məlikov regional səviyyədə həyata keçirilən ekoloji nəzarət tədbirləri haqqında danışaraq, qanunvericilik aktlarının praktiki icra vəziyyəti və ekoloji maarifləndirmənin əhəmiyyəti barədə məlumat təqdim edib.

Elmi-nəzəri müzakirələrin davamı olaraq Fizika və Ekologiya kafedrasının müəllimi Aysel Bayramova “Antropogen təsirlər şəraitində biomüxtəlifliyin mühafizəsi strategiyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə insan fəaliyyətinin flora və faunaya təsirləri elmi faktlar əsasında təhlil olunub, biomüxtəlifliyin və genofondun qorunması istiqamətində tətbiq olunan müasir mühafizə modelləri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, biomüxtəlifliyin qorunması yalnız bioloji baxımdan deyil, həm də dayanıqlı inkişafın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Tədbirin yekun hissəsində tələbələr və professor-müəllim heyəti arasında interaktiv müzakirələr təşkil olunub. Tələbələri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb, gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf istiqamətlərində elmi-praktik tədbirlərin təşkili davamlı xarakter daşıyır və bu sahədə həyata keçirilən təşəbbüslər tələbələrin ekoloji bilik və məsuliyyətinin artırılmasına mühüm töhfə verir.