Mingəçevir Dövlət Universitetində “Dayanıqlı bərpa olunan enerji həlləri və texnoloji innovasiyalar” mövzusunda seminar keçirilib

  • Post category:Events

Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin, İnformasiya texnologiyaları və Energetika kafedralarının birgə təşkilatçılığı ilə “Dayanıqlı bərpa olunan enerji həlləri və texnoloji innovasiyalar” mövzusunda elmi seminar keçirilmişdir.  Tədbir Azərbaycanın enerji sektorunda həyata keçirilən transformasiya prosesləri, bərpa olunan enerji mənbələrinin tətbiqi və innovativ texnologiyaların inkişafı baxımından mühüm əhəmiyyət daşıyan müzakirə platforması kimi diqqət çəkmişdir. Seminarın açılışında Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edərək müasir dövrdə enerji resurslarının səmərəli və dayanıqlı istifadəsinin qlobal inkişafın əsas prioritetlərindən birinə çevrildiyini qeyd etmişdir. O vurğulamışdır ki, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və ekoloji problemlərin artması dünya ölkələrini alternativ və bərpa olunan enerji mənbələrinə yönəlməyə təşviq edir.

Tədbirdə İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və Energetika kafedrasının müdiri Kəmalə Eyyubova çıxış edərək Azərbaycanda “yaşıl enerji” strategiyasının inkişaf perspektivləri, eləcə də enerji sektorunda rəqəmsal texnologiyaların tətbiqi haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını təşkil edir və bu istiqamətdə elmi tədqiqatların aparılması xüsusi əhəmiyyət kəsb edir. Seminar çərçivəsində müəllim və magistrantların iştirakı ilə bir sıra aktual mövzular üzrə məruzələr təqdim olunmuşdur. İnformasiya texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova “Ağıllı şəhərlərdə enerji idarəetməsinin qiymətləndirilməsi” mövzusunda çıxış edərək smart şəhər konsepsiyasında enerji idarəetmə sistemlərinin rolunu təhlil etmişdir. Leyla Şükürova isə “Enerji səmərəliliyi və yaşıl texnologiyalar” mövzusunda təqdimatla çıxış edərək enerji istehlakının optimallaşdırılması və ekoloji texnologiyaların tətbiqi istiqamətində aparılan tədqiqatlardan bəhs etmişdir. Energetika kafedrasının magistrantı Mədinə Əliyeva şəhər elektrik şəbəkələrində enerji saxlanma sistemlərinin tətbiqi və tələbatın idarə olunması vasitəsilə pik yüklənmələrin kompleks hamarlaşdırılması mövzusunda çıxış etmiş, bu sahədə müasir texnoloji yanaşmaları təqdim etmişdir. İnformasiya texnologiyaları kafedrasının müəllimi Elgiz Mahmudov isə enerji saxlama texnologiyalarının dayanıqlı enerji sistemlərindəki rolunu izah edərək bu texnologiyaların gələcək enerji infrastrukturunda əhəmiyyətini vurğulamışdır. Seminarın son məruzəsi İnformasiya texnologiyaları kafedrasının magistrantı Tural Qasımov tərəfindən təqdim olunmuş və enerji sənayesində funksional blokların avtomatlaşdırılmasında müasir PLC texnologiyalarının tətbiqindən bəhs edilmişdir. Tədbirin yekununda seminar iştirakçıları arasında geniş müzakirələr aparılmış, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji idarəetmə sistemlərində süni intellekt və ağıllı şəbəkələrin tətbiqi, eləcə də universitet–sənaye əməkdaşlığının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, bu cür elmi seminarlar enerji sahəsində aparılan tədqiqatların inkişafına, innovativ ideyaların təşviqinə və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verir. Seminar həmçinin Azərbaycanın “yaşıl enerji” strategiyasının elmi əsaslarla inkişaf etdirilməsi və dayanıqlı enerji siyasətinin formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilmişdir.