Ermənistanın daxili ictimai-siyasi vəziyyəti dövləti iflasa aparır

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti dövləti iflasa aparır

Ermənistan işğalçı dövlətdir. İyirminci əsrin son onilliyi ərzində bu daşnaksütun dövlətin rəhbərliyi və azğınlaşmış daşnakları Azərbaycan torpaqlarında yüzlərlə terror, qətl, işğalçılıq əməlləri törətməıklə minlərlə günahsız insanın ölümünə və yaxud da torpaqlarından məcburi qaçqın və köçkün olmasına şərait yaratmışlar. Bu dövlət başdan-başa yalanlarla dolu təbliğatları, dünya dövlətlərinə saxta məlumatlar yaymaqla özlərini aciz və işğala məruz qalan bir ölkə kimi tanıtmağa çalışsa da artıq dünya birliyi Ermənistanın bütün insanlığa sığmayan əməllərindən xəbərdardır. Cari ilin əvvəllərindən dünyada yayılan koronavirus pandemiyasının çoxalmasının qarşısının alınması məqsədi ilə karantin tədbirləri Ermənistanda o qədər də ürəkaçan olmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun səbəbini parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələbi göstərilir. N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. Hər birinin əməli çirkin olan bu insanların bütün fəaliyyətləri doğru araşdırılarsa onların törətdikləri cinayərtlərin sayı-hesabı bilinməz. 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib.

Əslində uzun illərdir ki, Ermənistan daxildən parçalanır. Dövlətin başçısı ilə məmurların, hökumətin digər qurumlarının, vətəndaşların arasında olan qarşıdurmalar ayrı-ayrı zamanlarda o qədər gərginliklər yaradıb ki, xalqın həyat tərzi, yaşam səviyyəsi aşağı düşüb. Bu da vətəndaşların kütləvi şəkildə başqa ölkəyə getməsinə imkan yaradıb. N.Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuatda bildirilir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb.

15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. Bu ölkədə vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması heç yada belə düşmür. Pandemiya dövründə bir çox dövlətlərdə vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması diqqət mərkəzinə çəkilib, insanlara maddi yardımlar göstərilib, yaşı 65-dən yuxarı olan adamlara xüsusi qayğı göstərilib. Ermənistanda bütün barədə heç düşünən belə olmayıb.

15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciətinə əsasən 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etmədiyi üçün Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı. N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Dediyim kimi, bu ölkənin liderləri və siyasətçiləri biri-birinin ayağının altını qazımaqla məşğuldur. Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirmək cəhdinin qarşısı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Güc tətbiq etmək bu dövlətin rəhbərlərinin də, xidmət orqanlarının da fəaliyyətlərinin əsas hissəsidir.

Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bütün işğalçılıq əməliyyatlarına qarşı susqun davranışı, işğalçıları necə deyərlər, “haqsız” saymaması dünyanıın böyük dövlətlərinin qeyri-insani davranışıdır. Təbii ki, bu hadisələrdə də dünya dövlətləri özlərinə sərf edən mövqedən çıxış edəcəklər.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsinə də reaksiya verilmədi. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Hökumətin rəhbərinin davamlı olaraq nəinki rəqiblərinə, hətta sadə vətəndaşlara qarşı ikrah yaradan hərəkətləri nə qədər pislənilsə də o əməlindən qalmır. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. İnsanlar təkcə səhhətlərinin qorxusunu yaşamırlar, həm də qəflətən baş verə biləcək özbaşınalıqların həyəcanını keçirirlər. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Bu nə demıkdir? Insanlar hər addımlarına, danışıqlarına diqqət etməlidirlər. Baş naziri qızdıracaq kiçicik bir hərəkət olsa, deməli o adamın həbsi qaçılmazdlr. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.

N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. İnsanların çox çətin şəraitdə yaşadıqları bir dövlətin rəhbərinin ölkənin büdcəsini şəxsi məqsədlərinə yönəltməsi isə insanlığa sığan hərəkət deyil. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”sini güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmiədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür. Qeyd olunduğu kimi, vəzifədə qalmaq və istəklərinə çatmaq üçün bu adam xislətindən qalmır, hər sahədə öz xeyrinə olan addımları atır. Diktatorluğu həm xalqı narazı salır, həm də ölkədə mövcud olan həyat tərzinin pisləşməsinə şərait yaradır.

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”. Pasinyan diktatordur. Fəaliyyəti yalnız güc tətbiq etməklə xalqı kölə halında saxlamaq və mütiləşdirməkdir. Dünya dövlətləri susur, amma baş nazirin bu hərəkəti Ermənistanı iflasa aparır.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Azərbaycanın Ermənistan ilə adının bir sırada çəkilməsi əslində mümkünsüzdür. Torpaqlarımızda törətdikləri hadisələr, azərbaycanlılara qarşı etdikləri iyrənc hərəkətlər səbəbindən biz bu dövlətin adını tez-tez çəkirik. Yəni ədalətin bərpa olunması, işğal altında qalan torpaqlarımızın geri qayıtmasını istəməkdən başqa heç bir təmənnamız yoxdur. Dünya birliyi isə öz biganəliyindədir. Xalqın sosial-rifah halını hər zaman diqqətdə saxlayan, iqtisadi cəhətdən inkişaf edən, dünyaya inteqrasiya edən, ölkənin paytaxtında, regionlarında ardıcıl olaraq ruruculuq işləri aparılaraq gözəlləşən bir ölkəni işğalçı dövlətlə müqayisə etmək mümkün deyil. Son hadisələr, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin sərəncamları və tapşırıqlarına əsasən vətəndaşlara göstərilən dövlət dəstəyi, maddi və mənəvi yardımlar, qayğılar, izolyasiya tədbirlərinin görülməsi və bu kimi digər əməli addımlar əsas verir deyək ki, Azərbacanda hökm sürən sabitlik, xalqın firavan həyat tərzi bizləri uğura doğru aparacaq.

Esmira Cəfərova,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Mingəçevir Dövlət Universitetinin kafedra müdiri