Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir Dövlət Universitetində (MDU) olub

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir Dövlət Universitetində (MDU) olub. O, universitetin inşa olunan yeni kampus binasına baş çəkərək müasir təhsil şəraitinin yaradılması istiqamətində görülən işlərlə yaxından tanış olub.

Daha sonra Mətin Kərimli universitetin tədris prosesini yerində izləyib, tələbələrlə görüşərək dərslərdə iştirak edb. Tələbələrlə səmimi formatda ünsiyyət quran M.Kərimli tələbələrin suallarını cavablandırıb, onların gələcəkdə yüksəkixtisaslı mütəxəssislər kimi formalaşması üçün vacib tövsiyələr verib.

Sonra Mətin Kərimli MDU-nun bir qrup professor-müəllim və inzibati heyəti ilə də görüşüb. Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov MDU-nun son illərdə qazandığı uğurlar haqqında məlumat verib və elmi potensialın sürətlə inkişaf etdiyini bildirib. Üzeyir Zeynalov son illərdə əldə edilən uğurların universitetin elmi nailiyyətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. O, həmçinin, MDU-nun Ümummilli Lider Heydər Əliyev ideologiyasına sadiq bir təhsil müəssisəsi olaraq, 5000-dən çox tələbə və 300-dən artıq əməkdaş ilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük səylə çalışdığını bildirib.

Mətin Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısını vurğulayıb. O, universitetin illik statistik göstəricilərinə nəzər salaraq, tədris keyfiyyətinin ildən-ilə yüksəldiyini, bu inkişafın universitetin artan nüfuzunu göstərdiyini qeyd edib. Xüsusilə, Mingəçevir Dövlət Universitetinin regionda mühüm təhsil və elm mərkəzinə çevrildiyini və onun sosial-iqtisadi inkişafda oynadığı rolunu xüsusi vurğulayıb. Mətin Kərimli, eyni zamanda, Elm və təhsil naziri cənab Emin Əmrullayevin təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi islahatlar barədə də danışıb. O, nazirin rəhbərliyi altında son illərdə ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra əhəmiyyətli layihələrin icra edildiyini vurğulayıb. Bu islahatlar sırasında təhsilin məzmununun yenilənməsi, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar inkişafı, şagirdlərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsi kimi mühüm addımlar xüsusi yer tutur. Universitetin gələcək inkişaf strategiyasına dair fikir mübadiləsi aparan Mətin Kərimli əməkdaşlarla tövsiyələrini bölüşərək, təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün konkret təkliflər irəli sürüb.