Gənc əməkdaşlar və tələbələrlə görüş keçirilib

2023-cü ilin fevralın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları ilə görüşüb.

Görüşdə əlamətdar gün münasibətilə MDU ailəsinin gənc üzvlərini təbrik edən Ş.Bayramov cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə dövlətin yüksək diqqət və qayğısından bəhs edib. Bildirib ki, gənclərə hər zaman böyük dəyər verən ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərin sağlam, geniş dünyagörüşünə, yüksək mənəvi keyfiyyətlərə və intellektə sahib mütəxəssis kimi formalaşdırılması, onların bilik və bacarıqlarının davamlı surətdə artırılması istiqamətində yaradılan kompleks imkanlar məhz parlaq gələcəyimizin təmin olunmasına hədəflənmişdir.

MDU-da gənclərin hərtərəfli inkişafını dəstəkləyən əlverişli ali təhsil mühitinin təmin olunmasına prioritet əhəmiyyət verildiyini qeyd edən rektor son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan addımlarda gənclərin fəal rolundan və əldə etdikləri uğurlardan danışıb. 2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsindən söhbət açan Ş.Bayramov universitet gənclərini bu fürsəti maksimum dəyərləndirməyi və həyata keçiriləcək tədbirlərə fəal qoşulmağı tövsiyə edib.

Sonda, Ş.Bayramov 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə universitetdə çalışan və təhsil alan bir qrup gənc fəala təşəkkürnamə təqdim edib və onlara uğurlar arzulayıb.

Səmimi formatda keçirilən görüşdə çıxış edən MDU-nun gənc tələbə və müəllim kollektivi üzvləri göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da idarəetmədə, elmi və pedaqoji fəaliyyətlərdə müasir dünyagörüşünə, bilik və bacarıqlara malik gənclərin fəal təmsil olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi önəm verilir.