Qardaş Türkiyəyə dəstək ölkənin təhsil ictimaiyyətinin də diqqət mərkəzindədir

2023-cü ilin fevralın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində cari təşkilati məsələlərin səmərəli icrası məqsədilə inzibati heyəti üzvləri ilə iclas keçirib.

İclasda rektor Ş.Bayramov son günlərdə Türkiyədə baş verən dəhşətli zəlzələlərin hər kəsdə dərin kədər hissi doğurduğunu bildirib, həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdiyini qeyd edən rektor dövlətimiz və xalqımızın hazırda çətin və sınaqlı günlər yaşayan qardaş ölkə ilə həmrəylik və birlik nümayiş etdirməsinin qürurverici olduğunu deyib. Rektor respublikamızın təhsil ictimaiyyətinin, o cümlədən MDU ailəsi üzvlərinin də bu prosesdə fəal iştirakından məmnunluğunu ifadə edib, kollektivin könüllü olaraq davamlı və mütəşəkkil dəstəyinin təmin edilməsi məqsədilə müvafiq qeydlərini diqqətə çatdırıb.

Sonra, iclasda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Avropa Yenidənqurma və İnkişaf Bankı və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə bu yaxınlarda start verilən və informasiya texnologiyaları sahəsində gənclərin karyera inkişafı üçün geniş imkanlar təqdim edən “IT Hub Azerbaijan” layihəsində MDU-nun da təmsil olunması barədə məlumat verilib. Mingəçevir gənclərinin, o cümlədən MDU tələbələrinin layihədə fəal iştirakının təmin edilməsi məsələsi müzakirə edilib və aidiyyəti struktur bölmə rəhbərlərinə bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

Daha sonra, 2022/2023-cü tədris ilinin yaz semestrinə hazırlıq işlərinin tamamlandığını qeyd edən rektor təhsilin keyfiyyətinin, tədris və təlim-tərbiyə prosesinin səmərəliliyinin davamlı artırılmasını, tələbə və müəllim məmnunluğunun daim diqqətdə saxlanılmasını vurğulayıb. Bununla bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirən Ş.Bayramov növbəti semestrdə akademik və inzibati, tədris köməkçi və texniki heyət üzvlərinə, tələbə və magistrantlara uğurlar arzulayıb.

Bundan əlavə, iclasda MDU-ya 2023/2024-cü il üçün tələbə qəbulunun mütəşəkkil təşkil edilməsi, təbliğat və təşviqat işlərinin vaxtında aparılması məqsədilə rektorun müvafiq əmri diqqətə çatdırılıb. Əmrə əsasən yaradılan işçi qrupunun vəzifələri və iş bölgüsü  barədə məlumat verilib və bu istiqamətdə fəaliyyətlərin effektiv təşkili ilə bağlı müvafiq tövsiyələr bildirilib.

İclas digər cari məsələlərin müzakirəsi ilə davam edib.