Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

 

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 3 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

16-25 iyun tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1993 tələbənin 284 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən imtahanlarda 9 nəfər tələbə iştirak etməyib və Apelyasiya Komissiyasına 2 müraciət qeydə alınıb.

Magistratura səviyyəsində 13 qrup üzrə ümumilikdə 39 imtahan keçirilib. Bütün magistrantların iştirak etdiyi imtahanlarda müvəffəqiyyət göstəricisi 100 faiz təşkil edib.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Appelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesinə adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar. Mövcud reallıqlar nəzərə alınmaqla müvafiq güzəştlərin tətbiqi ilə müşayət olunan imtahan sessiyasının mütəşəkkil təşkilində tələbə təşkilatlarının fəal tələbələri də yaxından iştirak edirlər.

Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin 5 iyul tarixinədək davam edəcək.