Mingəçevir Dövlət Universitetində “İqlim Dəyişmələri Mövzusunun Təhsil Proqramlarına İnteqrasiyası” adlı Dəyirmi Masa Keçirildi

Mingəçevir Dövlət Universitetində (MDU) “İqlim Dəyişmələri Mövzusunun Təhsil Proqramlarına İnteqrasiyası” adlı dəyirmi masa uğurla təşkil olunub. Tədbirdə Təbiət Elmləri kafedrasının müəllimləri, tələbələr və əmək bazarını təmsil edən qonaqlar iştirak ediblər.

Dəyirmi masada əmək bazarını təmsil edən qonaqlar da iştirak edərək mövzu ilə bağlı fikir və tövsiyələrini bölüşüblər. Onlar arasında Kərimov Mustafa Yəhya oğlu – Su Kanal İdarəsinin baş mühəndisi, Mingəçevir şəhər 8 saylı RETSİ-dən baş məsləhətçi-müfəttiş İlkin Məmmədov və aparıcı məsləhətçi Paşayeva Ülkər, eləcə də Mingəçevir Şəhər Bələdiyyəsinin “Yerli Ekologiya Məsələləri” daimi komissiyasının sədri Anar Quliyev yer alıblar.

Tədbir çərçivəsində Təbiət Elmləri kafedrasının baş müəllimi Vüsalə Mustafayeva magistratura səviyyəsində “İqlim Dəyişmələri” fənninin tədris proqramına mövzunun inteqrasiyası ilə bağlı ətraflı təqdimatla çıxış edib. Daha sonra kafedranın müəllimi Fəridə Həsənli bakalavr səviyyəsində “İqlim Dəyişmələri və Qlobal İstiləşmə” və “Ümumi Ekologiya” fənlərinin proqramlarına iqlim dəyişmələri mövzusunun inteqrasiyası, görülən işlər və planlaşdırılan yeniliklər haqqında məlumat verib.

Dəyirmi masa müzakirə formatında davam edib. Əmək bazarı nümayəndələri təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, tələbələrin ekoloji bilik və bacarıqlarının artırılması, həmçinin iqlim dəyişmələri ilə bağlı praktik biliklərin tədris prosesinə daha geniş şəkildə daxil edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirin əsas məqsədi iqlim dəyişmələri mövzusunun ali təhsil proqramlarında sistemli şəkildə yer almasını təmin etmək, təhsil müəssisələri ilə əmək bazarı arasında əməkdaşlığı gücləndirmək və gələcək mütəxəssislərin bu sahədə daha hazırlıqlı yetişdirilməsinə töhfə verməkdir.