Mingəçevir Dövlət Universitetində “İqlim risklərinə qarşı fövqəladə hazırlıq” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində Mexanika kafedrasının təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri” üzrə fəaliyyət çərçivəsində “İqlim risklərinə qarşı fövqəladə hazırlıq” mövzusunda təlim təşkil olunub. Təlim universitetin “Mühəndislik, Mülki müdafiə və tibbi biliklərin əsasları” kabinetində keçirilib.

Təlim Mexanika kafedrasının müəllimləri İlham Məmmədov və Ələkbər Süleymanov tərəfindən aparılıb. Çıxışlar zamanı XXI əsrdə iqlim dəyişmələri, qlobal istiləşmə, daşqın və sel təhlükələri, zəlzələ və digər təbii fəlakətlərdən qorunma üsulları, həmçinin profilaktik tədbirlər barədə iştirakçılara geniş məlumat verilib.

Eyni zamanda, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, risklərin qabaqcadan müəyyənləşdirilməsi və mümkün təhlükələrin idarə olunması istiqamətində aparılmış tədqiqatların nəticələri izah olunub.

Təlim çərçivəsində iştirakçılarla mövzu ətrafında geniş müzakirələr aparılıb, onların sualları cavablandırılıb və gələcəkdə baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı hazırlıq tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər, seminar və təlimlər təşkil olunur və bu fəaliyyətlər universitetdə ekoloji və sosial məsuliyyətin gücləndirilməsinə xidmət edir.