“Kiçik Akademiya” – gələcəyə hazırlanan alimlər MDU və Texniki-Humanitar lisey birgə “Elm günü”nü qeyd etdilər

“Kiçik Akademiya” – gələcəyə hazırlanan alimlər

MDU və Texniki-Humanitar lisey birgə “Elm günü”nü qeyd etdilər

Mingəçevir şəhər Texniki-Humanitar liseydə Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsi Mingəçevir şəhər Texniki-Humanitar liseyi ilə birlikdə “Elm günü”nə həsr olunmuş “Gənclik və elm” mövzusunda elmi konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2018-ci il tarixdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Buna uyğun olaraq Mingəçevir Dövlət Universiteti şəhərimizin Texniki-Humanitar liseyin Kiçik Akademiyası ilə birlikdə konfrans keçirməyə qərar verdi. Universitetimizin bir neçə aliminin elmi rəhbərliyi ilə birgə şagirdlər mövzu götürmüş və tədqiqat işinə başlamışlar. Mən elmlə-təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən layihələri uğurlu sayıram. Bu gün ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən islahatlar bu istiqamətdə mövcud yanaşmaları da xeyli dəyişir. Məsələn, artıq orta məktəblərdə təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Təbii ki, hazırda Təhsil Nazirliyinin apardığı islahatın da əsas məqsədi təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Sonda rektor Akif Hacıyev konfransın işində şagirdlərə uğurlar arzulayıb.

Sonra Texniki-Humanitar liseyin direktoru Nailə Məmmədova çıxış edərək bildirdi ki, məqsədimiz şagirdlər arasında elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək və tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır.

Sonra məruzələr dinlənilib. Texniki-Humanitar liseyin XI təbiət sinif şagirdi Röya Elgiz qızı Cəbrayılova “Mingəçevir Azərbaycanın energetika-sənaye mərkəzidir” (elmi rəhbər tex.f.d., dosent Mahir İsmayılov), XI təbiət sinif şagirdi Zeynəb Rübail qızı Abbaszadə “Bionika elminin nailiyyətləri və perspektivləri” (elmi rəhbər k.f.d., dosent Məhyəddin Mehdiyev), XI texniki sinif şagirdi Kamilə Rüfət qızı Yusifova “Ozon qatının qorunması problemi” (elmi rəhbər tex.f.d., dosent Vüqar Mustafayev), X təbiət sinif şagirdi Əmanət Cavid qızı İbrahimova “Nəqliyyatın ətraf mühitə mənfi təsirinin aradan qaldırılması yolları” (elmi rəhbər k.f.d., dosent Pərvanə Səfərova), XI texniki sinif şagirdi Elçin Səbuhi oğlu Səlimov “Beynəlxalq daşımaların təşkili sistemlərində avtomobil nəqliyyatından istifadənin bəzi məsələləri” (elmi rəhbər tex.f.d., dosent Şahsuvar Heydərov) mövzularında məruzə ilə çıxış ediblər. Şagirdlərin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, Texniki-Humanitar liseyin direktoru Nailə Məmmədova cıxış ediblər. Şagirdlərə və onların rəhbərlərinə təşəkkürlərini bildiriblər. Nailə Məmmədova həmçinin liseyin uğurlarından söz açıb, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.

{phocagallery view=category|categoryid=121|limitstart=0|limitcount=0}