2025-ci ilin 13 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və bu ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsi arasında işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində tərəflərin birgə öhdəlikləri ilə bağlı Kollektiv Müqavilə imzalanıb.
Müqavilə MDU-nun rektoru Anar Eminov və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev tərəfindən imzalanıb. İmzalanma mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşavir-katibi Vüsal Əliyev də iştirak edib.
2025-2027-ci illəri əhatə edən yeni müqavilə tərəflərin sosial tərəfdaşlığı prinsiplərini, universitet əməkdaşlarının əmək, sosial-iqtisadi və digər hüquq və maraqlarının qorunmasını təmin edir.
Kollektiv müqavilə zamanı universitet və komitənin öhdəlikləri olaraq mədəni və idman işləri sahəsində əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların fiziki və mənəvi inkişafının dəstəklənməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Görüş zamanı həmçinin, müəllimlərin məzuniyyət vaxtlarında istirahət və sağlamlıq imkanlarından səmərəli yararlanmaları məqsədilə onların respublikanın müxtəlif istirahət və kurort zonalarına göndərilməsi, sanatoriya və istirahət mərkəzlərində güzəştli şərtlərlə dincəlmələrinin təşkili məsələləri də müzakirə olunub.
Qeyd edək ki, yeni Kollektiv Müqavilənin imzalanması MDU-da əmək münasibətlərinin tənzimlənməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və universitetdə sağlam iş mühitinin təşviqi məqsədi daşıyır.