Mart Soyıqırmı Azərbaycan tarixinin heç vaxt unudulmayacaq faciəli səhifəsidir

Mingəçevir Dövlət Universitetində (MDU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmmuş “Mart Soyıqırmı: Azərbaycan tarixinin heç vaxt unudulmayacaq faciəli səhifəsi” mövzusunda elmi konfrans keçirilib.

MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən konfransda, əvvəlcə, soyqırımı qurbanlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov tariximizin qan yaddaşına çevrilən mart soyqırımından 105 il ötdüyünü bildirib, soyqırımı qurbanlarına və Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Mənfur düşmən tərəfindən dinc soydaşlarımıza qarşı xüsusi amansızlıqla törədilmiş vəhşiliklərin, terror və soyqırımı aktlarının faciəvi nəticələrindən danışan rektor bu qanlı hadisənin heç zaman unudulmayacağını qeyd edib. Mart soyqırımına ilk siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ş.Bayramov tarixi həqiqətlərin gənc nəslə və dünya ictimaiyyətinə çatdırılmasının önəmindən söhbət açıb. Qeyd edib ki, son dövrdə MDU-da tarixi günlərə həsr olunan müxtəlif formatlı tədbirlərin davamlı şəkildə keçirilməsi məhz bu məqsədə hədəflənib. Konfransın proqramına daxil olan mövzuların soyqırıma yanaşmanın müxtəlif aspektlərini əhatə etdiyini diqqətə çatdıran rektor elmi tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra konfransın məruzələri dinlənilib.

MDU əməkdaşlarından Vüsalə Mövlayeva “Azərbaycanlıların soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılmasında Ümummilli lider Heydər Əliyevin rolu və xidmətləri”,  Anar İsmayılov “31 Mart soyqırımı tarixi mənbələrdə”, Sevinc Süleymanova “Milli ədəbiyyatımızda 31 mart 1918-ci il soyqırımının əksi” və Gülər Əjdərzadə “31 mart – Azərbaycanlıların soyqırımının tarixi dərsləri” mövzusunda çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdən sonra konfransın işinə yekun vurulub.

Qeyd edək ki, konfransdan əvvəl, MDU kollektivi Mingəçevir şəhərində “Soyqırım” abidə kompleksini ziyarət edib. Kollektiv üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.